Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 12:02:00
Dövlət qulluğuna qəbul üzrə test imtahanı Bakıda 7 binada təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 13-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

 

Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb ediləcəklər.