Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 14:27:00
DİM-də keçirilən imtahan nəticələrinə ekspertdən ETİRAZ- 40 namizəd ŞİKAYƏTÇİDİR

 

23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətinə keçirilən qəbul ilə bağlı müəyyən narazılıqlar müşahidə olunur.

 

İmtahanda ümumilikdə 420 namizəd iştirak edib. Nəticələrə etiraz edən namizədlər bildirirlər ki, DİM tərəfindən  son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara əməl olunmayıb.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan imtahan iştirakçısı və təhsil eksperti Kamran Əsədov imtahanların nəticələrilə bağlı DİM-ə etirazını bildirərək, səbəbini əsaslandırıb:

 

“Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində hər bir essenin 10 ballıq şkala ilə qiymətləndirildiyi, namizədin hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilməsilə bağlı qeyd olunan şərt kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir. İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir, hesab edirik ki, bu da öz növbəsində ədalətsiz yanaşmadır. Biz - imtahanda iştirak etmiş namizədlər olaraq (40 namizəd), imtahanın öncədən elan edilmiş bir neçə şərtinin pozulmasına dair müraciət etmişik.”.

 

Mövzu ilə bağlı isə Mərkəzdən bildirilir ki, namizdələrin C1 səviyyəsində biliklərə malik olması səbəbilə nisbi bal 50 müəyyən edilib:

 

“Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı üç hissədən ibarət olub – test imtahanı, Azərbaycan dilində esse və seçilən xarici dildə esse. Hər bir hissə üzrə imtahanın nəticələri 100 ballıq şkalada qiymətləndirilib və bütövlükdə toplanıla bilən maksimal bal 300-ə bərabər olub. İmtahanın nəticəsinə əsasən, namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi nəzərə alınaraq xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb”.

 

Məsələ ilə bağlı imtahan nəticələrindən narazı olan namizədlər aidiyyatı bütün orqanlara müraciət edəcəklərini bildirir və DİM tərəfindən yuxarıda adı çəkilən imtahan nəticələrinin bu qurumun rəsmi səhifəsində 11.01.2022-ci il tarixində paylaşılan şərtlər (https://dim.gov.az/news/7775/) əsasında yenidən hesablanmasını tələb edir.

 

Qeyd edək ki, namizədlər Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu IV maddəsinin 4.1.6. bəndinin (dövlət qulluğuna qəbulun şəffaflığı) kobud şəkildə pozulduğu bildirir və hüquqi çərçivədə araşdırılaraq nəticələrinin ləğv olunmasını tələb edirlər.