Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 15:02:00
DİM öz işinin axarında getməsi üçün bu qərarı qəbul edib- Erkən imtahanların zərəri- DİREKTORDAN TƏHLİL

 

 

“Hazırkı halda şagirdlərin təkrar şansı əllərindən alınmış olur”

 

Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının mart və aprel aylarında keçiriləcəyi bildirilmişdi. İmtahan tarixlərinin önə çəkilməsi şagirdlər və valideynlərlə yanaşı ümumilikdə demək olar ki, bütün təhsil ictimaiyyətinin narazılığına səbəb oldu.

 

Təhsil ekspertləri, müxtəlif tədris mərkəzlərinin rəhbərləri də bu addımın doğru olmadığını əsaslandıraraq öz etirazlarını bildirdilər.

 

Mövzu ilə bağlı  “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov AzEdu.az-a açıqlamasında bu qərarın şagirdlərin nəticələrinə təsirindən danışaraq, səbəblərini qeyd edib:

 

“İmatahanın önə çəkilməsi şagirdlərin nəticələrinə ciddi şəkildə öz təsirini göstərəcək. Bunun təməl səbəbləri var: birincisi, adı üzərində, bu, buraxılış imtahanıdır, yəni, şagird tədris ilini yekunlaşdırmalıdır ki, bu imtahanı versin. Ancaq uşaqlar demək olar ki, proqramı tam olaraq bitirməyiblər. İmtahanların belə erkən keçirilməsilə bağlı Dövlət İmtahan Mərkəzinin açıqlamasında qeyd olunur ki, fənlərin tədrisində mahiyyət yalnız biliklərin verilməsi deyil, eyni zamanda, bacarıqların formalaşmasıdır və əsas etibarı ilə bacarıqlar yoxlanılır. Məsələ ondan ibarətdir ki, bu uşaqların sadəcə bilik və bacarıqları yoxlanmır. Onlar bir marafona çıxıblar və universitetə qəbul olmaq üçün çalışırlar, qərar isə imtahan nəticəsinə təsir göstərir. Şagirdin özünü tam olaraq ifadə etməsi üçün illik proqramı bitirməsi və onu təkrar etməsi mütləqdir. Amma hazırkı halda biz şagirdlərin təkrar şansını əllərindən almış oluruq”.

 

Direktor imtahanların normal vaxtında keçirilməsinin vacibliyini vurğulayıb:

 

“Pandemiyanın tədris sisteminə nə qədər zərər vurduğunu bilirik. Keçən ildən də şagirdlər, belə desək, keyfiyyətli şəkildə təhsil almadılar, tədris onlayn şəkildə oldu. Nəticədə mövzuları lazımı səviyyədə mənimsəmədilər. Bütün bunlarla yanaşı imtahanın irəli çəkilməsi, mövzunun bitməməsi kimi amillər şagirdlərin imtahan nəticələrinə ciddi təsirini göstərəcək. Çox yaxşı olardı ki, imtahan hər zamankı vaxtda keçirilsin, mövzuları təkrarlamaq üçün şagirdlərə vaxt tanınsın ki, onlar da rahat şəkildə hazırlaşaraq imtahanda özlərini yaxşı göstərə bilsinlər”

 

O şagirdlərin hazırlıq formalarına diqqət çəkərək, tədris proqramının tam bitmədiyini xatırladıb:

 

“Günün reallığıdır ki, orta məktəbi bitirdikdən sonra hazırlıq keçməyən uşaq demək olar ki, yoxdur. Abituriyent ya repetitor yanına hazırlığa yollanır, ya kurslara müraciət edir,yaxud özü fərdi şəkildə hazırlaşır, orta məktəbdə dərs prosesinə ciddi şəkildə yanaşır. Ancaq bir məsələ var ki, şagird on birinci sinifdə oxusa da, hazırlıq prosesi beşinci sinifdən başlayır. Yəni, ilin əvvəlindən şagird beşinci sinfin proqramını bitirir, sonra  VI, VII... Ən sonda   XI   sinfin proqramına kimi gəlib çatır və artıq bu tamamlanmış hesab olunur. Bu gün isə bütün hazırlıq proseslərində uşaqlar çətinliklə IX  sinfə çatıblar.

 

Normal hazırlıq prosesi orta məktəb proqramı ilə paralel aparılır. Amma söhbət şagirdin təkrar hazırlıq prosesindən gedir ki, burada IX  və X  sinfə aid tədris proqramı hələ tamamlanmayıb. Bu, bir yana, ümumiyyətlə, orta məktəb proqramı belə bitməyib. Mart ayında imtahan keçiriləcək, amma tədris ilinin sona çatması üçün hələ üç ay qalır. Yəni, bu üç ayda keçiriləcək mövzular öyrədilmədiyi  üçün imtahana salınmamalıdır. Əgər  salınacaqsa,   maraqlıdır, şagird bunu necə cavablandıracaq? Bununla bağlı da konkret bir açıqlama yoxdur”.

 

“Şagird proqramı bitirdikdən sonra təkrarlamaq imkanına sahib olmalıdır”

 

“Suallar 5-11-ci siniflərin tədris proqramından salınır. Şagird əvvəlki illərdə keçdiyi mövzuları təkrar etməyibsə, onun bu imtahanı hansı səviyyədə verəcəyi də sual doğurur. Yəni, bunlar haqlı olaraq təhsilalanda imtahan stressinin yaranmasına gətirib çıxarır. Eyni zamanda,  şagirdin nəticəsinə mütləq şəkildə öz təsirini göstərəcək. DİM-in imtahanlarla bağlı qərarına təhsil ictimaiyyəti, ekspertlər öz etirazlarını bildirdilər. Amma çox təəssüf ki, bunların heç biri nəzərə alınmadı.əgər bir narazılıq varsa, deməli burada səbəblər də var. Mərkəzin açıqlamasında şagirdin bilik və bacarığının yoxlanıldığı qeyd olunur, amma bu düzgün yanaşma deyil. Biz şagirdə burada şans tanımalıyıq, o proqramı bitirməli, daha sonra təkrarlamaq imkanına sahib olmalıdır. Həmçinin, bölgələrdə təhsil alan şagirdlər də nəzərə alınmalıdır”.

 

 R.İbrahimov imtahanların keyfiyyətli təşkilinin önəminə qeyd edərək, hazırlıq zamanı şagirdin təkrar imkanın əlindən alındığını bildirib:

 

“Məsələn, imtahanın suallarını elə tərtib etmək olar ki, orada şagirdlər 600-dən çox nəticə göstərə bilərlər, suallar çox ağır, ancaq keyfiyyətli olar. Amma bu, imtahanın yaxşı olması demək deyil. İmtahan o zaman keyfiyyətli olar ki, orada istənilən bal göstəricisinə sahib olan şagird özünü göstərsin. Eynilə imtahanı istənilən zaman təşkil etmək olar, ancaq məsələ ondan ibarətdir ki, burada bilik səviyyəsi 100-dən 700-ə kimi olan şagirdlər var. Ola bilər ki, şagird hazırlığa gec başlayıb,bəs bu halda həmin uşaqların aqibəti necə olacaq? Hansı ki, bu şagird üçün bir- iki ay belə çox önəmlidir. Şagird keçdiyini təkrar edə, keçid balı 200 baldırsa, o 180 balla kəsilə bilər. Belə  olan  halda biz  o şagirdin biz haqqını yeyir, ona lazımı zamanı  vermiş olmuruq.

 

Düşünün, sabah DİM deyəcək ki, imtahan müdətini 1 saata endirirəm, ancaq məntiqlə bu doğru olmaz. Verilən zaman müddəti 90 sualı cavablandırmaq üçün kifayət deyil. Burada şagirdlərin bir sual üzərində sərf etdiyi vaxt da nəzərə alınır. Belə olan halda bir sual meydana çıxır. İmtahan vaxtlarının ilin ortasında keçirilməsi zamanı hansı səviyyəli şagirdlər nəzərə alınaraq bu addım atılıb maraqlıdır. Ortaya tutarlı bir səbəb çıxarılmalıdır, nə üçün belə bir addım atılır, bunu nə zəruri edir”.

 

O, imtahanların irəli çəkilməsində DİM-in əsas marağından danışıb:

 

“Düşünürəm ki, imtahan tarixlərinin irəli çəkilməsində DİM-in marağı ondan ibarətdir ki, situasiya tipli sualların dəyərləndirilməsi,şagirdlərin qiymətləndirilməsi müəyyən vaxt tələb edir və bu vaxtı yetişdirməkdə çətinlik çəkilir. Bu qiymətləndirməni daha rahat şəkildə aparmaq üçün imtahan vaxtlarını irəli çəkirlər və özləri üçün müəyyən bir zaman tanıyırlar ki, rahat şəkildə işlərini görə bilsinlər. DİM öz işinin axarında getməsi üçün bu qərarı qəbul edib. Amma hər hansı bir qurum öz maraqlarını təmin etmək üçün iş görməməlidir”.

 

Son olaraq o,- “ Burada bir çox gəncin taleyindən söhbət gedir, şagird bir ay hazırlaşaraq imtahanda yüksək nəticə göstərib universiteti qazana bilər. Amma biz imtahanı irəli çəkməklə şagirdin bu şansını əlindən almış oluruq”-deyə qeyd edib.