Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 15:02:00
"2019-2023 Dövlət Proqramı" doktorantları ilə görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə “2019-2023 Dövlət Proqramı” doktorantlarının görüşü keçirilib. Görüşün məqsədi xaricdə doktorantura təhsili üzrə tədrisin monitorinqi və işəgötürənlərlə əlaqə istiqamətində görülmüş işlərə, eyni zamanda, müqavilə öhdəliklərinin icrasının təmin olunmasına dair müzakirələr aparmaqdan ibarətdir.


AzEdu.az xəbər verir ki, görüşdə BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova iştirak edib, doktorantlara öz tövsiyələrini veriblər.


Qeyd olunub ki, hazırda BMU-nun razılığı ilə 5 doktorant təhsil alır, 3 doktorant isə cari tədris ilindən etibarən bu proqram vasitəsi ilə təhsilinə başlayacaq.


Amerika, Kanada, İngiltərə, İtaliya və Türkiyənin ən reytinqli universitetlərində Kompüter və Kimya mühəndisliyi istiqamətlərində təhsil alan doktorantlar əldə etdikləri uğurlarlə yanaşı, BMU ilə elmi əməkdaşlıqlarından danışıblar.


Dövlət Proqramı 2018-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli Sərəncamı ilə təsdiq edilib. Sənəd dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə Azərbaycan ali təhsil müəssisələri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunmasını, həmçinin Azərbaycan ali təhsil müəssisələri üçün yüksək elmi-tədqiqat bacarıqlarına malik milli kadrların hazırlanması məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur.