Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 11:12:00
“Təhsillə bağlı  şəxslər önə çəkilməli, qanunsuzluqlar aradan qaldırılmalıdır” -TƏNQİD

 

 

 

“Təhsil sahəsində kiminsə qohum və tanışı olmaq kimi kriteriyalar aradan qalxmalıdır”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

 

Belə ki, millət vəkili Etibar Əliyev mətbuata açıqlamasında qeyd edib ki, təhsil sektorunda çalışanlar dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə vəzifəyə təyin edilir.

Elşən Qafarov bu məsələyə münasibət bildirib.

 

“Etibar Əliyevin dediyi fikirlər təhsildə 7-8 ildir ki, hökm sürür. Biz bu tip məsələlərlə bağlı daima müzakirələr aparırıq. Belə ki, təhsillə əlaqəsi olmayan, bu sahədə akademik biliyə yiyələnməyən, təcrübəyə sahib olmayan şəxslər həmin sektorda təmsil olunur. Onların yalnız xaricdə təhsil almaları, kiminsə tanışı və qohumu olması faktoru əsas götürülərək işə qəbul edilir. Belə kriteriyalar əsas götürülərək müxtəlif şəxslər işlə təmin edilir. Son 8 ildə ən çox xarici dil bilən insanların önə çəkilməsi və onların təhsil sahəsində bilik və bacarıqlarının olmaması göz qabağındadır.

 

 

 

Hazırda təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində  baş verən hadisələr göz önündədir. Həmçinin, ali təhsil səviyyəsində baş verən olaylar da hamıya aydındır. Bütün bu əməllərin qarşısı alınsın deyə, dövlət nəzarəti gücləndirməlidir. Çünki bu, sıradan deyil, milli məsələdir və öz növbəsində dövlətin gələcəyi üçün pis hallara yol aça bilər”.

 

 

Təhsil eksperti baş verən hadisələrin qarşısının alınması üçün nə kimi addımların atılmasını təklif edib:

 

 

“İlk olaraq, təhsil sahəsinə bu sektorun adamı olan şəxslər gətirilməlidir. Xaricdə təhsil almaq, kiminsə qohum, tanışı ,sinif və tələbə yoldaşı  olmaq kimi kriteriyalar aradan qalxmalıdır. Bu, baş verməsə, çox mənfi nəticələrə gətirib çıxaracaq. Ona görə də birinci növbədə təhsillə bağlı olan, həmin prosesin içində yetişən şəxsləri irəli çəkmək lazımdır. Onları prosesə cəlb etmək vacibdir. Təhsil qurumlarının  kadr islahatları adı ilə aparılan fəaliyyətləri heç bir nəticə verməyəcək. Hətta təyin edilən yeni işçilər bir müddət sonra  qanunu kobud şəkildə pozur və nəticə etibarı ilə ya vəzifədən uzaqlaşdırılır, ya da hərəkətləri ört-basdır edilir. Bu baxımdan təhsillə bağlı olan şəxslər önə çəkilməli və bu qanunsuzluqlar aradan qaldırılmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları