Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 16:49:44
İdman Akademiyasında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində qərar qəbul edilib

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. 

Hesablama Palatasından AzEdu.az-a verilən məlumata əsasən, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və  98,8%  icra edilib.  Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub. 

Bildirilib ki, auditlə əhatə edilən dövrdə Akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılmış, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib. 

Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilmiş, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulmuş, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib. 

Məlumata əsasən, maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib..

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol verən vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və görülən tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib. 

Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilib.