Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 16:28:00
LDU-da   Zəfər Gününə həsr olunmuş konfrans keçirilib-FOTO

 

 

Lənkəran Dövlət Universitetinin(LDU)  böyük akt zalında  8 Noyabr –Zəfər Gününə həsr olunmuş  konfrans keçirilib. Konfransda  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla  yad edilib.

 

AzEdu.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbiri açan  Lənkəran Dövlət Universitetin rektoru, professor Natiq İbrahimov böyük tarixi gün- Zəfər bayramı  münasibətilə konfransda  iştirak edən şəhid ailələrinin üzvlərini, qaziləri, müharibə iştirakçılarını, universitetin tələbə-professor-müəllim  heyətini  təbrik edib. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu möhtəşəm qələbə ilə bağlı dediklərini  konfrans  iştirakçılarının  diqqətinə çatdıran universitet rəsmisi  “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq” deyərək sevincini bütün zalla bölüşüb.

 

 Professor Natiq İbrahimov qeyd edib ki,  Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 Noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Rektor  bildirib ki, Qələbə savaşında Lənkəran Dövlət Universitetinin tələbə və məzunları, işçiləri də   mərdliklə döyüşüb, şəhid, qazi, igid əsgər  kimi adlarını  universitetin şərəf kitabına yazıblar.  

 

Konfransda Filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini, I Qarabağ müharibəsi iştirakçısı, dos. Qədim Rufullayev,  Vətən Müharibəsi iştirakçısı, mühasib  Şəhriyar Həsənzadə, Vətən Müharibəsi şəhidi baş leytenant Vüsal Kazımovun həyat yoldaşı, universitetin kabinet müdiri Aysel Kazımova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı,dos. Gülbəniz Əliyeva çıxış edərək  bildiriblər ki, xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxartdı , göstərdi ki, Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib. Elə bir  nəsil ki,  ölkəmizin milli maraqlarının pozulmasına  yol vermədi,  haqqımız olanın əlimizdən alınması ilə barışmadı, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin etdi. “Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq”-çıxışçıların yekdil rəyi belə olub.

 

Lənkəran Dövlət Universiteti tələbələrinin yüksək peşəkarlıqla  hazırladıqları  “Zəfər günü”  və İkinci Qarabağ savaşında şəhid olan LDU tələbələrinin xatirəsinə həsr etdikləri videoçarxlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tələbələrin vətənpərvərlik ruhunda hazırladıqları musiqili-ədəbi kompozisiya da  özünəməxsusluğu ilə seçilib, tədbirə  nikbin, həm də kövrək not qatıb , ifa olunan  mahnılar, şeirlər, musiqi nömrələri iştirakçılara   Zəfər ovqatı, bayram əhval-ruhiyyəsi  bəxş edib.

Konfransın sonunda şəhid ailələrinin üzvlərinə  Zəfər Günündən xatirə kimi Lənkəran Dövlət Universiteti tərəfindən  hədiyyələr təqdim edilib.

 

Qeyd edək kİ, 8 Noyabr-Zəfər Günü münasibətilə LDU-da silsilə tədbirlər keçirilib, Qarabağ zəfərini əks etdirən rəsm və kitab sərgiləri təşkil edilib. Həmçinin, LDU-nun şəhid tələbə və məzunlarının, qazilərin ailələrinə,  müharibə veteranlarına pul mükafatları verilib.

 Bu gün  universitetdə keçirilən dərslərdə  Azərbaycan tarixinin əlamətdar səhifəsi olan Zəfər Günündən  söz açılıb.