Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 16:48:00
Ali təhsilə baxışın dəyişdirilməsinə ehtiyac var -Ceyhun Məmmədov

Bir neçə gün öncə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı azərbaycanlı gənclərin xaricdə təhsili məsələsinə münasibət bildirib.

 

Deputat gənclərin imtahansız xarici universitetlərə qəbul olunması, təhsil müddətində azərbaycanlı ailənin o universitetin sponsoruna çevrilməsi, xaricdə təhsil alan tələbələrimizin müxtəlif neqativ qrupların təsirinə məruz qalması və bunun ölkənin milli təhlükəsizliyinə ciddi problem yaratması ilə bağlı fikirlərini səsləndirib. Eyni zamanda bunun aradan qalxması üçün qəbulun sadələşdirilməsi kimi öz təkliflərini irəli sürüb.

 

Mövzu ilə bağlı komitənin digər üzvü deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında xaridə təhsil alanların sonrakı fəaliyyətlərində problemlərlə üzləşdiyini bildirib:

 

“Hesab edirəm ki, xaricdə təhsil alanlar, xüsusi ilə də attestatla təhsil alanlar ölkəmizə qayıtdıqdan sonra onların fəaliyyətində müəyyən problemlər yaranır. Onların bir qismi təhsillərini davam etdirə bilmir, bir qismi təhsilini başa vurub qayıdır, ancaq burada diplomlarının təsdiqini ala bilmirlər. Bu da öz müəyyən təsirlərini göstərir, eyni zamanda bir sıra hallardada onlar xarici təsirlərə məruz qalırlar”.

 

Deputat ali təhsil müəssisələrinə qəbulun tam sadələşdirilməsi fikri ilə razı olmadığını qeyd edib:

 

“Hesab edirəm ki, ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq, həddindən artıq asanlaşdırma bizə müəyyən problemlər yaradacaq. Bu fikirləri irəli sürənlərin arqumenti ondan ibarətdir ki, qəbulu asanlaşdıraq, amma ali təhsili sərtləşdirək. Bunun hazırki vəziyyətdə nə qədər real olması barədə biz ciddi düşünməliyik. Yəni hesab edirəm ki, həddindən artıq asanlaşdırma bizim üçün yalnız müəyyən problemlər və çətinliklər yarada bilər. Ona görə də biz hələ ki, bu prosesdə çox diqqətli və ehtiyatlı olmalıyıq. Bu ideya kimi çox cəlbedici gələ, insanlarımız tərəfindən maraqla qarşılana bilər”.

 

Deputat ali təhsilə baxışın dəyişdirilməsinə ehtiyac olduğunu vurğulayıb:

 

“Mən hesab etmirəm ki, bu yolla biz xaricə gedənlərin qarşısını ala, sayını azalda bilərik. Onların bir hissəsi təhsilin daha ucuz başa gəlməsi səbəbi ilə xaricə üz tuturlar. Biz bu amilləri də ciddi şəkildə nəzərə almalıyıq. Qeyd etdiyim kimi burada yalnız əsas səbəb göstərilməli deyil. Biz geniş maarifləndirmə işləri, təbliğat aparmalıyıq ki, insanların hamısı ali təhsilə meyl göstərməsin. Təbliğat aparmalıyıq ki, vətəndaşlarımız eyni zamanda peşə təhsilinə meyl göstərsinlər, ixtisas öyrənməyə çalışsınlar. Yəni bu gün təbliğatın, ali təhsilə baxışın dəyişdirilməsinə də ehtiyac var. Ona görə bu mələlərdə biz çox diqqətli olmalıyıq”.

 

Son olaraq o,-“Bir daha deyirəm asanlaşdırma dedikdə ola bilsin bu insanlar tərəfindən yüksək rəğbətlə qarşılansın. Amma biz bunun nəticələri, yaradacağı çətinliklər barədə də düşünməliyik” -deyə qeyd edib.