Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 13:00:00
Bu gün LDU  tələbəsi Cəsarət Xaliq oğlu Səfərovun şəhidlik zirvəsinə yüksəldiyi gündür

Bu gün - noyabrın 4-ü Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi Cəsarət Xaliq oğlu Səfərovun İkinci Qarabağ savaşında qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yüksəldiyi gündür.

 

AzEdu.az xəbər verir ki, Cəsarət Xaliq oğlu Səfərov 2001-ci il iyun ayının 27-sində Bakı şəhəri, Suraxanı rayonunda anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə Cəsarət təlim-tərbiyəsi, vətənpərvərliyi ilə hər zaman seçilib və nümunəvi şagird kimi müəllimlərin sevimlisi olub.

 

Cəsarət Səfərov 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin qiyabi təhsilalma forması üzrə Aqronomluq ixtisasına qəbul olunub. 2019-cu ildə təhsilini dondurub, iyul ayında Gəncəyə, hərbi xidmətə yollanan Cəsarət 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ savaşı başlananda aktiv döyüşlərə qatılır. O, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edir, cəsurluğu, igidliyi ilə seçilir. Son dəfə ailəsi noyabrın 3-ü Cəsarətlə əlaqə saxlayır. Noyabrın 4-ü Laçın istiqamətində gedən döyüşlərdə Cəsarətin qəhrəmanlıqla həlak olduğu, şəhidlik zirvəsinə yüksəldiyi xəbəri gəlir. C.Səfərovun nəşi 45 gün sonra, dekabrın 19-u ailəsinə təhvil verilir və II Fəxri Xiyabanda torpağa tapşırılır.

 

Vətən müharibəsi şəhidi Cəsarət Səfərov şəhadətindən sonra “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!