Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 12:36:00
DİM “Zəfər günü” münasibətilə “YAŞAT” Fondu ilə birgə tədbir təşkil edir

4 noyabr 2021-ci il tarixində “Zəfər günü” münasibətilə Dövlət İmtahan Mərkəzinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı və vətənin bütövlüyü uğrunda aparılmış 44 günlük müharibədə canlarından keçmiş şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə tədbir keçiriləcəkdir.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində təşkil olunacaq tədbirdə “Yaşat” Fondunun nümayəndələrinin və Bakı şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qisminin iştirakı nəzərdə tutulub.

 

Tədbirə Covid-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq simvolik olaraq 30-35 məktəbli və onların valideynləri dəvət olunub.

 

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin, Yaşat Fondunun rəhbəri Elvin Hüseynovun, müharibə iştirakçılarının və şəhid övladlarının çıxışı nəzərdə tutulub.

 

Tədbirin keçirilməsində məqsəd şanlı qələbəmizi qeyd etmək, şəhid övladlarına mənəvi dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.

 

Dövlət İmtahan Mərkəzinin əməkdaşları Yaşat Fondunun və Təhsil Nazirliyinin yerli struktur bölmələrinin köməkliyi ilə respublika üzrə ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil aldıqları müəssisələr haqqında məlumat və əlaqə vasitələrini əldə edib, ailələrlə əlaqə saxlayaraq siyahıya alınan şagirdlərin təhsilinə dəstək vermək üçün DİM tərəfindən nəşr olunan vəsaitlərə dair ehtiyac və istəkləri qeydə alıblar. Tədbirdə həmin vəsaitlər hazırlanan siyahı əsasında şəhid övladlarına çatdırılacaqdır.

 

Qeyd edək, tədbir DİM-in Facebook səhifəsi vasitəsilə canlı yayımlanacaq.