Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 12:24:00
Texniki Universitetdə Zəfər Gününə həsr olunan idman turnirinin qalibləri mükafatlandırılıb

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr – Zəfər Gününə həsr olunan fakültələrarası idman yarışlarının bağlanış mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik anılıb.

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev qalib komandaları təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, Zəfər Günü münasibətilə belə bir turnirin keçirilməsi təqdirəlayiq haldır.

 

Azərbaycanın 44 günlük Zəfər tarixindən danışan rektor bildirib ki, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı qələbə gücümüzü bütün dünyaya nümayiş etdirib. Universitetin tələbələri arasında vətənpərvərlik ruhu hər zaman yüksək olub. Vətən müharibəsi qəhrəmanları sırasında tələbə və məzunlarının olması qürurvericidir. Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 31 nəfər şəhidlik zirvəsinə yüksəlib. Ordumuzun əldə etdiyi qələbə universitetin qarşısında daha ciddi tələblər qoyur. Tələbələr müasir texnologiyaları mənimsəməli, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərində iştirak etməli, öz savadları ilə elmə töhfə verməlidirlər.

 

Daha sonra turnirdə iştirak edən komandalar səhnəyə dəvət olunub. AzTU-nun Tələbə Həmkarlar İttifaq Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə 4 idman növü (şahmat, stolüstü tennis, voleybol və futzal) üzrə keçirilən turnirdə universitetin bütün fakültələrindən və “SABAH” qruplarından tələbələr iştirak ediblər.

 

Sonda qalib komandalara kubok, diplom və medallar təqdim olunub.