Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 11:18:00
AzMİU-nun məzunu şəhid Nurlan Zeynalovun valideynləri ilə görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova universitetin məzunu Vətən müharibəsi şəhidi Nurlan Zeynalovun valideynləri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə rektor vurğulayıb ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində daim yaşayacaq, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq. “Universitetdə Birinci Qarabağ müharibəsi, 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Şəhidlər guşəsi var idi. İndi onu yeniləyirik, daha böyük ölçüdə yeni formatda hazırlayırıq, Vətən müharibəsində həlak olan tələbə və məzunlarımızın da adları ora əlavə olunacaq. Biz də çalışırıq ki, şəhidlərimiz unudulmasın, hər bir tələbəmiz onları tanısın, onlardan örnək götürsün, Vətəni onlar kimi sevib qorumağı bacarsınlar”.

 

Rektorla görüşdən sonra şəhidin ailə üzvləri universitetin Tarix muzeyində 44 günlük Vətən müharibəsinə həsr edilmiş sərgi ilə tanış olublar.

 

Qeyd edək ki, Nurlan Rafael oğlu Zeynalov AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 357a1 qrupunu bitirmişdi. Ehtiyatda olan zabit kimi Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin institutlarının birində kadr şöbəsinə müdir təyin olunmuşdu. Vətən müharibəsi başlayanda baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birinə rota komandiri təyin olunmuşdu. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralansa da, Nurlan yenidən cəbhəyə yollanır. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərə qatılır və noyabrın 9-da qəhrəmancasına şəhid olur.

Prezident İlham Əliyevin sərəncamları ilə Nurlan Zeynalov ölümündən sonra “İgidliyə görə”, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.