Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-30 16:57:00
“Təhsil siyasəti və yeniliklər” adlı regional konfrans təşkil edilib

Oktyabrın 7, 14, 21 və 28-də “Təhsil siyasəti və yeniliklər” adlı regional konfrans təşkil edib.
Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova konfransda “Müəllimin tədris keyfiyyəti və məktəbəqədər yaş dövründə oxuyub anlama bacarıqlarının inkişafı arasında əlaqə” mövzusunda təqdimat edib.

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, o, həmçinin 2016-cı ilin PIRLS (Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat) nəticələrinə əsasən 4-cü sinif şagirdlərində oxuyub anlama bacarıqlarının inkişafına təsir edən faktorlar arasında müəllimin tədris keyfiyyəti və uşaqların məktəbəqədər təhsilə cəlb olunması barədə çıxış edib.

İ.Rəsulova bildirib ki, müəllimin tədris keyfiyyətinin meyarlarından biri də onun peşəkar inkişafının yüksəldilməsidir. Məhz bütün bunları nəzərə alaraq layihə çərçivəsində açılmış icma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən tərbiyəçi-müəllimlər üçün oxu strategiyaları və məktəbəqədər yaş dövründə oxunun faydaları və təsirləri ilə bağlı 321 müəllim üçün təlimlər keçirilib. Təlim keçmiş müəllimlər arasından təsadüfi seçilən 113 müəllim təlimdən öncəki və sonrakı dövr ilə bağlı sorğuları cavablandırıblar. Nəticələrə əsasən tərbiyəçi-müəllimlər məktəbəqədər yaş dövründə oxu strategiyaları, onların faydaları və gələcəkdə uşaqların oxuyub anlama bacarıqlarına təsir edəcək vasitələr haqqında maarifləniblər. Təlimlərin praktik nəticəsi olaraq isə tərbiyəçi-müəllimlər mərkəzlərdə kitab guşələri yaradıb, oxuduğu nağıllarda uşaqların idrak bacarıqlarını inkişaf etdirən strategiyalardan riyazi bilikləri və STEAM-ın inteqrasiyasını təmin edən fəaliyyətlərdən istifadə ediblər. Bundan başqa, tərbiyəçi-müəllimlər oxu prosesinə öncədən hazırlaşmaq, valideynləri bu prosesə cəlb etmək sahəsində də nailiyyətlər əldə ediblər.
Gələcəkdə erkən yaşda uşaqların oxuyub anlama bacarıqlarının inkişafı üçün valideynlərin iştirakı ilə bağlı tədqiqat işini davam etdirəcəyini bildirən İlahə Rəsulova təqdimatın sonunda digər spikerlərin suallarını da cavablandırıb.

Qeyd edək ki, konfransın əsas məqsədi Qafqaz, Şərqi Avropa, Mərkəzi Asiya və digər ölkələrdə olan tədqiqatçılar, siyasətçilər və praktiklər arasında dialoqu inkişaf etdirmək, bilikləri səfərbər etmək və diqqəti milli və regional təcrübələrə cəlb etmək üçün təhsil sektorundan ekspert və qurumları bir araya gətirmək olub. Konfransda COVID-19 ilə bağlı təhsil sahəsində görülən tədbirlər və rəqəmsal təhsil, gender bərabərliyi və sosial inklüzivlik, təlim keyfiyyəti və öyrənmənin qiymətləndirilməsi sahələrini əhatə edən tədqiqat işləri, məqalələr üzrə qəbul olunmuş tezislərə dair təqdimatlar və çıxışlar olub.