Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-30 13:08:00
Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başlayıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Boğaziçi Universiteti arasında anlaşma memorandumu imzalanıb.

AzTU-dan AzEdu.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rektor Vilayət Vəliyev qonaqları Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Rektor iki qardaş ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

V.Vəliyev, həmçinin AzTU-da həyata keçirilən yeniliklər barədə danışıb. Bildirib ki, Azərbaycan Texniki Universiteti Türkiyənin qabaqcıl universitetləri ilə ikili diplom proqramları və digər istiqamətlərdə əməkdaşlığı genişləndirir. AzTU-nun 100 nəfərdən ibarət gənc tədqiqatçı və müəlliminin Türkiyənin tanınmış ali məktəblərinə təcrübə mübadiləsinə göndərilməsi planlaşdırılır. Boğaziçi Universiteti ilə imzalanacaq memorandum qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm addım olacaq.
Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İnci Cümhuriyyət Bayramını qardaş ölkədə qeyd etməkdən məmnun olduğunu deyib. Mehmet Naci İnci imzalanacaq memorandumun hər iki ölkənin təhsil sahəsinin inkişafına xidmət edəcəyinə əminliyini vurğulayıb.

Daha sonra AzTU və Boğaziçi Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Memorandumda iki universitetin ortaq tədris proqramlarından istifadə etməsi, müəllim, tələbə və gənc tədqiqatçıların mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi əks olunub.