Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 10:00:00
Təhsil şöbələrinin bu işdə etdikləri ayrıseçkilik müəllimlərdə qıcıq yaradır – Gənc müəllim  

Son günlər müəllimlərin kurslara cəlb olunması ilə bağlı narazılıqlar yaranır. Təhsil şöbələrinin tapşırığına əsasən  bəzi məktəb direktorları müəllimləri məcbur şəraitdə kurslara cəlb edir. Məzuniyyət müddətində müəllimləri kurslara cəlb olunması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı bu haqda kifayət qədər araşdırma aparan, jurnalist, gənc müəllim Elşən Ramizoğlu AzEdu.az-a açıqlamasında bildirib ki,  ixtisasartırma kursunu həyata keçirən ITE yəni “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzidir. İTE isə pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyət göstərən təlim mərkəzidir:

“ “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb. Hazırda keçirilən təlimlərin qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır. Qiymətləndirmə iştirakçıların təlimin sonunda hazırladıqları resursların təqdimatı və meyarlar üzrə həyata keçirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra təlim iştirakçılarına ixtisasartırma sertifikatı veriləcək. Kurslarda iştirak könüllüdür. Könüllü sözünün altından xətt çəkərək demək istəyirəm ki,Təhsil şöbəsinin işçiləri bunu unutmasın. Kurslar tədris ili boyunca davam edəcək və müəllimlər bura qatılmaq vaxtını özləri seçib müraciət etməlidir, ancaq təəsüf ki, belə olmur. Müəllimlərin və Təhsil Nazirliyinin mövqeyi belədir ki, müəllimi məcburi təlim kursuna gətirməklə heç nə əldə etmək olmaz. İlk növbədə yüksək keyfiyyətli təlim kurslarının təşkilinə nail olmaq lazımdır ki, müəllim özü həmin kurslarda iştirak etməyə can atsın.Yoxsa qorxuyla, hədə zorbayla müəllimə demək ki, sən kursa gəl, məcburi öyrən, belə şeymi olar? Müəllim kölə, quldurmu? Müəllimləri nə hesab edirlər? Mən istirahətdəyəm, məzuniyyətdən mənə zəng edirlər ki, tutaq ki, gəl kurs var, öyrən. Əvvəllər uşağı döyə döyə öyrədirdilər, indi müəllimləri edirlər? Təhsil şöbələrindən zəng olunur ki, sən az yığmısan səni kursa cəlb etmişik, yəni ki, sən savadsızsan”.

Elşən müəllim deyib ki, belə motivasiya ilə kursa dəvət etmək olmaz. Əlavə edib ki, əvvəllər nazirlikdən rəsmi olaraq bildirilirmiş ki, Diaqnostik Qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək, nəticələrini qaldırmaq üçün onlara şans veriləcək:

“Məntiqlə fikirləşsək, mən evdə öz üzərimdə işləyirəmsə kursa getməyə bilərəm, çalışıb  yenə DQ imtahanına gedə bilərəm , buna kim mane ola bilər ki?  Bir mənalı olaraq dövlət hesabınadır, sertifikat veriləndə  belə, pulla verilmir. Əslində gözəl bir layihədir, dövlət hesabına 120 akademik saat  20 gün ərzində müəllimlər  yeniliklər öyrənir, kurslara xərclədiyiniz pul isə cibinizdə qalır. Təhsil şöbələri bu işə əl vurdusa, gözəllik görünmür, etdikləri ayrıseçkilik  müəllimlərdə qıcıq yaradır. Dövlət hesabından bu qədər vəsait ayrılır, formal göstərməyək.  Bu kurslar tövsiyə olunur. Tövsiyə olunmaqla ,məcbur olunmağın fərqini bəziləri bilmir. Gözəl bir layihə müəllimlərə elə çatdırılır ki, çirkin görünür. Əvvəla, ixtisasdan 10 yazanı deyil, 35 yazanı çağıranda narazılıq yaranır ki, təşkilatçılığı düzgün etmirlər. Mənə  bu haqda müraciət edən ən çox Goranboy, Şəki, Kürdəmir rayonlarından olub. Qanunla danışsaq, işçi hər hansı səbəbdən öz məzuniyyət hüququndan istifadə etmədiyi halda onun məzuniyyət hüququ işəgötürən tərəfindən kompensasiya şəklində pul əvəzində ödənilməlidir. Bəzən müəllimlərə deyirlər ki, indi getməsən kursa sonra ödənişli olacaq, ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan kadrların ixtisasartırma təhsilinin minimum həddi, eləcə də stajkeçmə və təkmilləşdirilməsi üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir”.

E.Ramizoğlu bildirib ki, Təhsil şöbələri ona görə müəllimləri məcbur edirlər ki, onlarla məsləhətləşmədən hər qrupda olan dinləyicilərin sayı haqda müqavilə imzalayırlar:

“ Müqavilə bağlayarkən - müvafiq reqlamentləşdirici sənədlər əsasında hər bir proqram üzrə qruplarda dinləyicilərin sayı nəzərə alınır. Sonda müəllimlərə bildirmək istəyirəm ki, məzuniyyət sizə dövlət tərəfindən verilən hüquqdur, kimsə zorla bunu poza bilməz”.