Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 13:24:00
“Müharibə sübut etdi ki, yeni texnologiyaları mənimsəmədən hərb meydanında qalib olmaq mümkün deyil”-REKTOR

“Keçən dövr ərzində mən bir daha əmin oldum ki, AzTU ailəsi – onun professor-müəllim heyəti, tələbələri, əməkdaşları nə qədər qiymətlidir və onlar istənilən çətin şəraitə uyğunlaşa, təhsilin inkişafı naminə öz bilik və bacarıqlarını səfərbər edə bilirlər”

 

AzEdu.az  xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev deyib.

 

Rektor  universitetin tələbə,professor-müəllim heyəti və əməkdaşlarına müraciət edərək  ənənəvi təhsili bərpası münasibətilə onları təbrik edib:

 

“Əziz tələbələr!

Hörmətli professor-müəllim heyəti və əməkdaşlar!

 

Sizin hər birinizi yeni tədris ilinin başlaması, universitet auditoriyalarında ənənəvi təhsilə qayıtmağınız münasibətilə ürəkdən təbrik edirəm! Bir ildən çox müddətdə siz universitetdə bilavasitə olmasanız da, məsafədən, onlayn formatda olsa da universitetimizin xalqımız və dövlətimiz qarşısındakı missiyasının uğurla yerinə yetirilməsində öz əvəzsiz töhfənizi verdiniz”.

 

Rektor  universitetin Vətən müharibəsində  iştirak  etmiş  250-yə yaxın tələbə və məzununu ölkəmizin qüruru və fəxri adlandırıb:

 

“Ötən dövr COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə müşayiət olunsa da, 2020-ci il Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə xalqımızın şanlı qələbəsi, zəfəri ilə yaddaşlarımıza yazıldı. Bu tarixi Qələbənin əldə olunmasında AzTU tələbələri də öz Vətən borclarından alnıaçıq, üzüağ çıxdılar. Müharibədə iştirak edən 250-yə yaxın tələbə və məzunumuz universitetin və bütövlükdə ölkəmizin qüruru və fəxridir.

 

Vətən müharibəsində tələbə və məzunlarımız arasından 28 nəfər şəhidlik zirvəsinə ucaldı. İşğaldan azad olunan torpaqlarımızda ilk dəfə bayrağımızı ucaldanlardan biri də AzTU-nun tələbəsi oldu. Biz qəhrəman və vətənpərvər tələbələrimizlə fəxr edirik”.

 

O, yeni tədris ilində görülməli olan işlərə diqqət çəkib:

 

“Artıq çətinliklər arxada qalmaqdadır. Biz mərhələ-mərhələ ənənəvi təhsilə qayıdırıq. Bununla belə bu dövr ərzində qazandığımız yeni təlim texnologiyaları, onlayn təhsilin verdiyi imkanlardan da yararlanmaqla tələbələrimizə yüksək təhsilin verilməsində səylərimizi daha da artırmalıyıq. Müharibə dövrü sübut etdi ki, yeni texnika və texnologiyaları mənimsəmədən hərb meydanında qalib olmaq mümkün deyil. İnanıram ki, bu şərəfli missiyanın yerinə yetirilməsində AzTU ailəsi öz səylərini əsirgəməyəcəkdir”

 

Son olaraq  rektor,-“Müasir dövrün çağrışlarına cavab verən mühəndis kadrların hazırlanması, ölkəmizin inkişafı naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar diləyir, sağlamlıq, yüksək intellekt və səadət arzulayıram!”- sözləri ilə müraciətini sonlandırıb.