Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 15:40:00
"Qəbula salınan suala heç yerdə rast gəlməmişəm"  - Coğrafiya müəllimi

İmtahanda iştirak edənlərin bir çoxu coğrafiya fənnindən sualların çox çətin olduğunu bildiriblər.

Sualların hansı səviyyədə olması,  abituriyentlərin hansı suallarda daha çox çətinlik çəkdiyini öyrənmək üçün Coğrafiya müəlliminin fikirlərini öyrəndik.

AzEdu.az-a açıqlamasında Könül Mehdiyeva  təsdiqləyib ki, sualların çətin olması ilə bağlı fikirlər doğrudur:

“Birinci əsas problem budur ki, DİM iki dəfə imtahan keçirirsə, balans gözlənilməlidir. Çünki uşaqların bəziləri iki imtahana da girmir. Əksəriyyəti girsə də bəziləri səhhətinə və ya maddi duruma görə iştirak edə bilmirlər. Ona görə birinci imtahanın asan, ikincinin daha çətin olması, şagirdlər üçün haqsızlıqdır. Coğrafiya tərəfdən yanaşsaq  ilk imtahanda suallar çox rahat idi. Həmçinin əksər suallar Dövlət İmtahan Mərkəzinin test bankından idi.  Bu imtahanda isə test bankından 2-3 sual düşmüşdü. Bu amil də zəif yazmalarına çox təsir etdi”.

Müəllimə bildirib ki, bir məsələ var idi ki, ona indiyə kimi heç yerdə rast gəlməyib:

“Neftin bareli ilə bağlı bir məsələ var idi. O tip suala heç yerdə rast gəlməmişəm.  Yanma istiliyinin alınması hissə var, amma burada  bareli də əlavə ediblər.  Bu imtahanda 700 bal gözləmirəm. Ballar xeyli düşəcək. Əslində ötən imtahandan 3 ay keçdiyinə görə, abituriyentlər balını artırmalıdır, amma ballar düşür. Keçən dəfə 24 yazan şagirdim bu dəfə 20 yazıb”.

Könül xanım başqa çətin sualdan da danışıb:

“Əhaliylə bağlı bir sual var idi. Əslində sual çox da çətin deyildi, amma burada daha çox riyazi bilik yoxlanılırdı. Heç riyaziyyatda o tip sual yoxdur. Məsələn. 1 milyon 253 minin neçə faizisə tapılır. Bunu hesablayıcı cihaz olmadan həll etmək çətindir, həmçinin çox vaxt aparır. Əslində uşaq qaydanı bilir, amma vaxt çox gedir deyə yazmır”.

Qeyd edək ki, 26 iyul tarixində II-III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.