Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-19 11:30:00
Şərq və Qərb mədəniyyətləri arasındakı zəka körpüsünün xanım müəllifi - Aida İmanquliyeva   

Sentyabrın 19-u şərqşünas-alim Aida İmanquliyevanın xatirə günüdür

AzEdu.az-ın məlumatına görə, bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, yeni yol açıb.

Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk professor – qadın..

Aida İmanquliyeva 10 oktyabr 1939-cu ildə  Bakıda ziyalı ailəsində anadan olub. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünovrəsini qoyanlardan biri olub, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olub.

A.İmanquliyeva  Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU –red.) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb və daha sonra Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib.

Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim

Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənən Aida xanım hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur. Bu da nəinki, ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Onun ilk mətbu məqaləsi bütövlükdə ərəb dünyasına, həm də Qərb mədəniyyətinə mənsub olan hərtərəfli şəxsiyyət kimi səciyyələndirdiyi livanlı yazıçı Mixail Nüaymə haqqında olub ("Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı"). Bundan başqa, A.İmanquliyeva bir neçə araşdırmanın da müəllifidir. O, ərəb ədəbiyyatını araşdırmaqla yanaşı, özünü həm də tərcümə sahəsində sınayıb, bu ədəbiyyatın bir sıra nümunələrini dilimizə çevirib. 

Aida İmanquliyeva 1993-cü ilin sentyabrın 19-da Bakıda vəfat edib.