Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 11:30:00
Ucqar kənd müəllimlərinin arzuladığı güzəştlər – Sanatoriya, avtomobil, birotaqlı ev…  

Pedaqoji  profilli  ali və orta ixtisas təhsili müəssisələrini bitirən, yaşı 35-dək olan və kənd məktəblərində çalışan gənc mütəxəssislərə Təhsil Nazirliyi tərəfindən əlavə güzəştlər nəzərdə tutulub. Onlara  kommunal xidmətləri və  yaşayış yerinin kirayə haqqını ödəmək üçün kompensasiya ödənilir, əməkhaqları isə digər müəllimlərlə müqayisədə daha yüksəkdir.

Həmin kəndə məskunlaşmaq üçün müəllimlərə torpaq sahələrinin ayrılmasına yerli icra hakimiyyəti orqanları köməklik etməlidir.

Bəs, bütün bu güzəştlər ucqar yerlərdə pedaqoji fəaliyyətlə məşğul olanlar  üçün yetərlidirmi? Onlara daha hansı güzəştlər edilməlidir?

Yardımlı rayon Şıxhüseyni kənd orta məktəbinin müəllimi Posu Mansırlı AzEdu.az-a açıqlaması zamanı bildirib ki, ucqarlarda işləyən gənc müəllimlər üçün bir çox güzəştlər edilir:

“Kommunal ödənişlər üçün ödənilən məbləğin miqdarı bir qədər artırılsa, daha yaxşı olar. Müəllimlər dövlət,  yaxud öz hesabına ildə bir neçə dəfə hər hansı kurort və sanatoriyalara göndərilə bilərlər. Bu, gənc müəllimlərə motivasiya vermək üçün uğurlu addım olardı”.

Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi Musa Ziyadzadə qeyd edib ki, kənd müəllimlərinə qaz pulu, işıq pulu və  nəqliyyat xərclərində guzəştlər olunması uğurlu addım kimi qiymətləndirilə bilər:

“Bələdiyyələr və ya nazirlik tərəfindən modul tipli bir-iki otaqlı evlərin tikilməsi və həmin kəndə gəlib 2-3 il işləyən müəllimlərin orda qalması çox yaxşı olardı. Təyinatla çalışan müəllimlərin dərs bölgüsündə daim problemlər yaşanır. Bu məsələyə nazirliyin nəzarət etməsi məqsədəuyğundur”.

İsmayıllı rayon Keyvəndi kənd tam orta məktəbinin müəllimi Sevinc Novruzova deyib ki, müəllimlər üçün vacib olan onlara xüsusi nəqliyyatın ayrılmasıdır:

“Əgər müəllimin çalışdığı yerdə yaşamaq  imkanı yoxdursa, onun üçün nəqliyyat ayrılmalıdır. Çalışdığı ərazidə yaşamayan müəllimə işə gəlib-getmək üçün mütləq avtomobil lazım olur”.

Ağcabədi rayonunda müəllim kimi çalışan  Gülnar İsmayılın sözlərinə görə, müəllimlərə lazım olan ilk növbədə mənəvi dəstəkdir:

“Birinci növbədə mənəvi dəstək olmalı, daha sonra isə həmin müəllimlər yüksək maaşla təmin olunmalıdırlar”.

Qeyd edək ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir. Yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına kömək göstərilir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilir. Dəyişikliklər əsasında gənc müəllimlərə ödənilən kompensasiyanın məbləği 20, əmək haqqına əlavənin məbləği isə 30 manat artırılıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları