Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 10:00:00
 Məleykə Abbaszadə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şahı qəbul edib

Görüş 2 sentyabr 2021-ci il tarixində DİM-in M.Müşfiq 1 M ünvanında yerləşən inzibati binasında keçirilib

 

AzEdu.az xəbər verir ki , DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni təyinatı ilə əlaqədar öz vəzifəsini təhvil verən və yaxın günlərdə ölkəmizi tərk edəcək “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şahı qəbul edib.
 

Samr Şah DİM-in ölkədə təhsilin və kadr potensialının inkişafı istiqamətində gördüyü işləri yüksək dəyərləndirdiyini və “British Council”ın DİM ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

 

Məleykə Abbaszadə bildirib ki, DİM ilə “British Council” arasındakı əməkdaşlıq Samr Şahın rəhbərliyi dövründə daha da möhkəmlənərək yeni istiqamətlərdə inkişaf edib.

 

Görüşdə tərəflər gələcək əməkdaşlıq perspektivlərini, həmçinin Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında əhatə olunan məsələləri də müzakirə ediblər.

 

Xatırladaq ki, “British Council” və Dövlət İmtahan Mərkəzi arasında işgüzar əlaqələr 2016-cı il 23 sentyabr tarixində təhsil və ingilis dili sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə Niyyət Məktubunun imzalanması ilə başlayıb.

 

“British Council”, həmçinin 2019-cu il 22-27 sentyabr tarixlərində DİM tərəfindən keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının rəsmi tərəfdaşlarından biri olub.