Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 15:15:00
Abituriyentləri intihara sürükləyən stereotiplər… – Deputatla sosioloq danışır
Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. İntihar edən gənc qızın abituriyent olduğu və Azərbaycan Tibb Universitetinə hazırlaşdığı məlum olub. Bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva may ayında keçirilən qəbul imtahanında 530, sonuncu imtahanda isə 580 bal toplayıb.
 
AzEdu.az xəbər verir ki, bu il ilk qəbul imtahanlarının keçirildiyi may ayından indiyə qədər artıq bir neçə abituriyent oxşar şəkildə intihara əl atıb. Qəbul imtahanlarında istədikləri nəticəni əldə edə bilməyən abituriyentlərin özünü öldürməyə cəhd etməsi isə sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. Ekspertlər yaranmış vəziyyətdən çıxış yolu olaraq, müxtəlif təkliflər səsləndirir, xüsusilə, valideynləri daha anlayışlı olmağa çağırırlar.
 
Millət vəkili Fazil Mustafa “Sherg.az”a açıqlamasında daha fərqli mövqedən çıxış edib. Deputat düşünür ki, əslində qəbul imtahanlarına hazırlaşan abituriyentlər 11 il boyunca, qəbul imtahanlarına hazırlıq prosesini tam və düzgün şəkildə təşkil edə bilmirlər:
 
 
“Nəticədə, imtahandan uğur qazanacaqlarını təxmin etdikləri halda, keçid balını toplaya bilmədikdə böyük stress keçirirlər. Bu, çoxsaylı abituriyent üçün yaranan vəziyyətdir. Abituriyentlər şəxsi psixoloji gərginlikləri ilə bərabər ətrafdakıların təzyiqi ilə də üzləşirlər. Çünki Azərbaycan insanında səbirlə davranmaq, qarşısındakına anlayışla yanaşmaq çox az səviyyədədir.
 
İnsanlar, valideynlər qəbul imtahanlarında uğursuzluqla qarşılaşmağa övladının imtahandan kəsilməsinə çox kəskin reaksiya verirlər. Bu, sanki həyatın sonudur. Əslində isə çox yanlış yanaşmadır. İnsan iradəsi ən çətin situasiyada belə maksimalist addım atmamalı, dözüm nümayiş etdirməlidir. Vaxtında oxumaq, öyrənmək, öz qabiliyyətinə uyğun yükün altına girmək ənənəsi olmadığına görə, abituriyentlər də çarəni intiharda tapırlar”.
 
Yaranmış tendensiyanın aradan qaldırılması yollarına gəlincə, F.Mustafa bu vəziyyətin müdaxilə ilə düzəldilməsinin çətin olduğunu deyib:
 
“Bütün cəmiyyətlərdə belə hal yaşanır. Qeyd etdiyim kimi bu insanların iradəsi ilə bağlı məsələdir. İntiharın baş verməsini tək imtahanda uğursuzluqla əlaqələndirmək düzgün olmaz”.
 
Abituriyentlərin qəbul imtahanlarından istədikləri nəticələri əldə etmədiyinə görə intihara əl atmasının hər il müşahidə olunduğunu xatırladan sosioloq Əhməd Qəşəmoğlu isə bununla bağlı profilaktik tədbirlərin görülməsinin tərəfdarıdır. Onun sözlərinə görə, ölkədə ali təhsilin hökmən vacib olması ilə bağlı formalaşmış stereotipləri dağıtmaq lazımdır:
 
“Sanki ali təhsili olmayan insan aşağı kateqoriyalı, geridə qalmış şəxsdir. Amma mən Albaniyada, digər xarici ölkələrdə tamam əks tendensiyanı müşahidə etmişəm. Bu şəxslər düşünür ki, insan ali təhsil alsa, çox gözəl, amma universitet oxumasa da, belə hansısa peşəyə yiyələnib, hər kəs özünə karyera qura bilər. Biz yaxşı çalışmalıyıq ki, ölkədə, cəmiyyətdə “diplom almaq” sindromunu məhv edək. Əsas məsələ yaxşı mütəxəssis olmaqdır.
 
 Bunu aşılamalıyıq. Valideynlər də bilsin ki, uşaq diploma uyğun olmayan təhsil almaqdansa, gözəl bir peşəyə yiyələnə bilər. Bunu sözlə ifadə etdikdə heç kim inanmır. İnsanlara hökmən misal göstərmək lazım gəlir. Belə nümunələr mövcuddur. Elə insan var, ali təhsili yoxdur, yaxşı dərzidir, kompüter ustasıdır, bərbərdir, zərgərdir və s. Karyerasını qurub, yaşamını təmin edib. Mən özüm də dəfələrlə belə insanlara rast gəlmişəm. Bu cür nümunələri ictimai rəyə daşımaq mütləqdir”.
 
Ə.Qəşəmoğlu təklif edib ki, ilboyu orta məktəblərdə profilaktik söhbətlərin aparılması üçün Təhsil Nazirliyi müvafiq göstərişlər versin:
 
“Şagirdlərlə məsləhətləşmələr aparılsın ki, insan az bal toplasa da, bunu faciə kimi qəbul etməməlidir. Həyat davam edir və hər kəs özünə müvafiq yol cıza bilər. Biz valideynlərə birdən-birə göstəriş verə bilmərik ki, sabahdan şagirdlərlə bu cür danışmağa başlayın. Bunu sadəcə maarifləndirmə aparmaqla, televiziyalarda yaxşı verilişlər təşkil etməklə aşılamaq olar.
 
Ümumi olaraq, iki istiqamətdə iş getməlidir. Həm valideynlərin özünün maariflənməsi, həm də orta məktəblərdə şagirdlərin maarifləndirilməsi vacibdir”.