Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 12:38:00
700 bal yığan xanımdan üsyan: “Abituriyentlərin intihar səbəblərindən biri də bizlərin hədsiz reklamıdır”  

“Şagird  nəticələr məlum olan  gündən intihar gününə qədər evdə ona qarşı olan baxışlara, valideynin onu danlamasına, hətta bəzən şiddətə dözə bilmədiyindən intihar edir”.

Bu sözləri Azedu.az-a açıqlaması zamanı ötən il II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayan Arzu Məmmədzadə deyib. Onun sözlərinə görə, hər qəbul imtahanından sonra azı bir intihar hadisəsi baş verir:

“Bu,  çox üzücü və qəbuledilməzdir. “Səbəbi nədir” - deyə, düşünəndə ağlıma 4 nüans gəlir: insanın iradə zəifliyi, "hər kəs universitet oxumalıdır" tendensiyası, valideynlərin uşaqları sıxışdırması və yüksək bal toplayan abituriyentlərin mediada həddindən artıq reklam edilməsi. Bir insan imtahanda az bal toplayır və depressiyaya düşür, nəticədə də intihar edir. Halbuki, həmin adam özünə yol tapmalı və əgər ali təhsil almaq istəyirsə, qarşıdakı imtahanlara daha güclü hazırlaşmalıdır. Çarəni intiharda görmək  iradə zəifliyidir.

Mənim babam rayonun ən yaxşı vəkili idi, amma ilk iki cəhdində imtahandan kəsilmişdi. Yalnız III cəhdindən sonra universitetə qəbul oluna bilmişdi”.

Arzu Məmmədzadə qeyd edib ki, kim məktəbi bitirirsə, universitet xəyalına düşür:

“Əgər bir insanın test yazmaq və ya orda tələb olunan 5 fənni dərk etmək bacarığı yoxdursa, deməli, bu insanın qabiliyyəti başqa sahədədir. Bu ölkədə yaxşı usta, yaxşı sürücü, yaxşı satıcı, yaxşı vizajist və s. onlarla sahə, peşə var ki, universitet diplomu yox, xüsusi bacarıq tələb edir. Axı niyə hamı universitetə qəbul olmağa çalışır?! Hamımız bilirik ki, bəzi hallarda diplomsuzlar  diplomu olanlardan 100 qat yüksək şəraitdə yaşayırlar. Əsas olan universitet oxumaq deyil, əsas olan işini tam və gözəl görməkdir.  Əgər belədirsə, onsuz da uğur səni tapacaq.

Şagird  nəticə məlum olan  vaxtdan  intihar gününə qədər evdə ona qarşı olan baxışlara, valideynin onu danlamasına, hətta bəzən şiddətə dözə bilmədiyindən intihar edir. İlk başda uşağı danlıyır, ardınca özü də intihar edir. Valideynlər, sizin övladınızın ömrü, dəyəri heç bir testlə, heç bir bal ilə ölçülə bilməz. Valideynlər uşağı depressiyadan çıxarmaq əvəzinə onu daha da dərin uçuruma sürükləyirlər.

İmtahanda kəsilən və çox yüksək bal toplayan abituriyentlər olur. Təbii ki, onlar əziyyət çəkiblər , qiymətləndirilməlidirlər. Amma onların adlarının həddindən artıq çəkilməsi az bal toplayan abituriyentin evində gərginliyə səbəb olur, uşaq özünü sınmış hiss edir. Valideynlər də sanki bu arada  bir-biri ilə yarışır.  Az bal toplayan şagirdin valideyni “uşağım yarıtmazdı, məni yarıtmadı” deyə düşünür və onu daha da danlayır. Mən keçən il yüksək nəticə göstərsəm də, hələ də “İnstagrama” girəndə qəribə səhifələrin şəklimi paylaşıb "Fəxr edirik, halal olsun" tipli şərhlər yazdığını görürəm. Səhifəni aktiv tutmaq üçün şəklimi paylaşırlar və bu məni çox qıcıqlandırır. Çünki özümü reklam edirmiş kimi görsənirəm və ən əsası da elə şəkilləri gördükcə bəzi evlərdə problemlər yaranır.Özümdən misal verdim, amma bunu hər yüksək bal toplayana edirlər. Bu olmamalıdır, yüksək nəticə göstərən sadəcə bir dəfə qiymətləndirilməlidir və sonra o məsələ qapanmalıdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları