Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 09:48:00
UNEC professoru vəfat edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivinə ağır itki üz verib.

 

AzEdu.az xəbər verir ki, "Humanitar fənlər" kafedrasının məsləhətçi professoru, əməkdar müəllim Zahid İsmayıl oğlu Məmmədov avqustun 16-da 90 yaşında vəfat edib.

 

Zahid Məmmədov 31 oktyabr 1931-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşdur.

 

1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır. 1952-1957-ci ilərdə Azərbaycan Dövlət Nəşriyyatında siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor vəzifəsində işləmişdir.

 

1957-1960-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə bölməsinin aspirantı olmuş və 1961-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alaraq 1963-cü ilədək Azərbaycan SSR EA Fəlsəfə bölməsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 1975-ci ildə doktorluq dissertasiya müdafiə edərək 1978-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi, 1979-cu ildə isə professor elmi adı almışdır.

 

1963-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu Fəlsəfə və Elmi Kommunizm kafedrasında baş müəllim,1964-1966-cı illərdə isə dosent vəzifəsində işləmişdir. 1966-1970-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Fəlsəfə və Elmi Kommunizm” kafedrasında dosent vəzifəsində, 1970-1981-ci illərdə “Elmi Kommunizm” kafedrasının müdiri, 1988-1991-ci illərdə N.A.Voznosenski adına LMİİ-nin Bakı filialının Elmi Kommunizm kafedrasının müdiri, 1991-1993-cü illərdə ADİİ-nin “Politologiya” kafedrasının müdiri, 2000-2009-cu ildən İqtisad Universitetinin “Politologiya və sosiologiya” kafedrasının müdiri, 2009-2010-cu illərdə “Fəlsəfə və politologiya” kafedrasının müdiri, 2010-2016-cı illərdə “Politologiya” kafedrasının müdiri vəzifələrində işləmişdir. 2017-ci ilin mayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

 

Z.Məmmədov “Politologiya və sosiologiya” fənlərinə dair dərslik, dərs vəsaiti, metodiki vəsaitlərin və proqramların, çoxlu sayda elmi məqalələrin, 6 monoqrafiyanın müəllifi idi.

 

1991-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respubilkasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

 

2006-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

 

Şərəfli ömür yaşamış Zahid Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!