Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 16:20:00
İki universitetimizdə əcnəbi tələbələrin sayı kəskin artacaq – Çin, Vyetnam və Avropadan axının səbəbləri  

Sovet dönəmində Azərbaycanda əcnəbi tələbələrinin sayına görə fərqlənən bir neçə universitet olub. Onlardan biri indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, digəri isə Azərbaycan Tibb Universiteti idi. ADNSU əcnəbi tələbə sayına görə, sovet quruluşunun güclü vaxtında bütün ittifaqda ilk onluqda qərarlaşırdı. Sonrakı illərdə, xüsusən də Azərbaycan müstəqil olduqdan sonra  bu universitetlərdə xarici tələbə sayında azalma hiss olunmağa başladı.

Lakin universitetdə son illərdə aparılan köklü islahatlar əcnəbi  tələbələrin də sayının yenidən çoxalmasına səbəb olub. Lakin yenə də bir zaamnların məşhur “AZİ”-sindəki əcnəbi tələbələr 30 il bundan əvvəlkindən xeyli azdır.  Bəs bunun əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan ADNSU-nun İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Bəhruz Nəzərov son illərdə əcnəbi tələbə sayında artım müşahidə olunduğunu bildirib:

“2015-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  təhsil  alan əcnəbi tələbələrin sayı 300-dən az idi. Hazırda isə universitetimizdə təxminən, 500 tələbə təhsil alır. Növbəti  tədris ilində onların sayı 500-dən çox olacaq. ADNSU-dakı əcnəbi tələbələrin sayında 150-200 nəfərədək artım müşahidə olunacaq”.

Onun sözlərinə görə, növbəti tədris ilində universitetdəki əcnəbi tələbə sayı kəskin artacaq:

“Təbii ki, SSRİ dövründə universitetimizdə əcnəbi tələbələr daha çox idi. Bunun özünəməxsus səbəbləri var. O vaxtlar kommunizm, sosializm sistemi var idi. Sosialist cəbhəsində olan ölkələr də vardı, müttəfiq respublikalar da. Dövlətlərlə əlaqələr geniş idi. SSRİ dağılandan sonra isə kommunizm sistemi çökdü. Müstəqillik əldə ediləndən sonra yeni əməkdaşlıq əlaqələri yaratmaq lazım idi.

Keçən il rektor Mustafa Babanlı  Çin və Vyetnnamda səfərdə oldu. Razılaşmalara əsasən, universitetimizdə Çin, Vyetnam, Banqladeşdən 250-dək tələbə təhsil alacaq. Bu ildən universitetdəki əcnəbi tələbə sayı artacaq.

Universitetin müxtəlif təhsil pillələri üzrə müraciət edənlər olur. Amma hazırlıq və bakalavr üçün bizi seçənləriun sayı daha çoxdur”.

O, əcnəbi tələbələrin bu ali təhsil müəssisəsinə maraq göstərmələrinin səbəblərini izah edib:

“Son illərdə isə əcnəbi tələbə sayında artım müşahidə olunur. Onun birinci səbəbi ingilis dilində tədrisin başlanmasıdır. Hazırda ADNSU-da ingiliscə oxuyan tələbələrin sayı təhsilini rusca alanlardan çoxdur. İngiliscə tədris əcnəbilərin bura marağını artırır. Əvvəllər bu, müvafiq ixtisaslar üzrə idi: ingilis dilinin təşkili, MBA və s. İndi isə ixtisaslar üzrə ingiliscə tədris aparılır.

İkinci səbəb digər ali təhsil müəssisələri ilə müqayisədə bu universitetdə təhsilhaqqının daha demokratik, aşağı olmasıdır.

Üçüncü səbəb isə təbii ki, universitetin öz əməkdaşlıq əlaqələrini intensiv şəkildə artırmasıdır. Bu yaxınlarda İndoneziyada toplantı çərçivəsində görüşlər keçirildi. Onu deyə bilərəm ki, Çin və Vyetnamlı tələbələrin sayında kəskin artım olacaq.  Fərqli ölkələrin ali təhsil müəssisələri ilə əmkdaşlıq edirik. Bu, həmin ölkə vətəndaşlarının təhsil üçün bizə müraciət etməsinə şərait yaradır”.

O, xaricdən tələbə qəbul edərkən önəm verilən xüsusiyyətlər barədə də məlumat verib:

“Çoxları düşünür ki, əcnəbi tələbə gəlir, oxuyub-oxumamasından asılı olmayaraq diplom alıb gedir. Əslində isə, belə deyil. Pekin Universitetinin rektoru ilə görüşdə Mustafa Babanlı belə bir tələb qoydu ki, biz oxumaq həvəsi və qabiliyyəti olmayan tələbəni “təki say çox olsun” deyib qəbul etməkdə maraqlı deyilik. Tələbə həqiqətən oxumalı, can yandırmalıdır”.

Azərbaycan Tibb Universitetinin xarici tələbələrlə  iş üzrə dekanı  Orxan İsayev isə Sovet dönəmi ilə müqayisədə ölkəyə tibb təhsili üçün müraciət edən əcnəbilərin artdığını deyib:

“Xarici tələbələrin Azərbaycana axını ölkə inkişafı ilə əlaqədar artıb. Təhsil, səhiyyə sahəsində kəmiyyətlə bərabər, təhsilinsəviyyəsi də yüksəlib.

Azərbaycan  Tibb Universitetində hazırda 1800 əcnəbi tələbə təhsil alır. Bu, ölkədəki belə tələbələrin üçdə birini təşkil edir. Onlar universitetimizə onlayn yolla qəbul edilir”.

Onun sözlərinə görə vətəndaşları tibb təhsili üçün müraciət edən ölkələrin arasında İran da üstünlük təşkil edir:

“Keçən il hazırlıq qruplarında 16 müxtəlif ölkədən olan tələbə təhsil alırdı. Onlar arasında ilk 3 yeri İran, İraq və Türkiyə tutur. İlk yer isə Türkiyə vətəndaşlarınındır. Bunun birinci səbəbi dil baryeri məsələsidir. İranlı tələblər isə cənubi azərbaycanlı sordaşlarımız çoxluğu səbəbindən bizə maraq göstərirlər. Onların Azərbaycanda təhsil almaq istəmələrinin ikinci səbəbi isə müsəlman ölkəsi olmalarıdır. Dil, din, insanlara mübasibət, eyni mentalitet olduğuna görə tələbələr ölkəmizə üz tutur. Bundan əlavə, regionda ən inkişaf etmiş tibbi təhsil Azərbaycan Tibb Universitetindədir. Təhsil haqqı isə digər universitetlərlə müqayisədə aşağıdır. Əcnəbi hazırlıq tələbələri üçün ortalama təhsil haqqı 3000, kurslar üzrə isə 4000 dollardır.  Bu da onların seçiminə təsirgöstərən amillərdəndir”.

O, universitetin əcnəbi tələbələrin cəlb olunması istiqamətində gördüyü işlərdən də danışıb:

“Azərbaycan Tibb Universitetinin hazırki fəaliyyəti daha çox əcnəbi tələbənin olacağını proqnozlaşdırır.Biz müraciət edən ölkələrin sayını artırmaq, coğrafiyanı genişləndirmək istəyirik. İnkişaf etmiş Avropa ölkələrindən də tələbələri cəlb etməyi düşünürük”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları