Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 14:44:00
DİM 15 rayon və şəhərdə imtahan keçirib-YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları keçirib.

 

AzEdu.az xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunub.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 53 imtahan binası, 892 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi ayrılıb.

 

İmtahanlarda ümumilikdə 11 552 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulurdu.

 

İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

 

Bu gün, həmçinin Mərkəz tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün də test imtahanı keçirilib.

 

Bu imtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

 

Bütün imtahanlarda kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən imtahanda 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi halı da müəyyən edilib. Dövlət qulluğuna qəbul imtahanında da 1 nəfərdə mobil telefon aşkar edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.

 

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən imtahanların nəticələrinin yaxın 3 gün, dövlət qulluğuna qəbul imtahanının nəticələrinin isə gün ərzində elan olunması nəzərdə tutulur.

 

09.15

Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirəcək.

 

AzEdu.az xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.

 

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 53 imtahan binası, 892 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda ümumilikdə 11552 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün də test imtahanı keçiriləcək.

 

İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 996, ümumilikdə isə 1442 namizəd qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

İmtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.