Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 10:12:00
Elmin dayanıqlı milli inkişaf strategiyası: Azərbaycanın yeni reallıqları kontekstində

Prioritet sahələr üzrə müştərək beynəlxalq tədqiqat mərkəzlərinin yaradılması Zaqafqaziya və MDB məkanında bir ilk olar

 

AzEdu.az təqdim edir

 

Bütün dünyada olduğu kimi Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq əməkdaşlıqda elmin rolu artmaqdadır. İstər ABŞ, istərsə də Avropanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, siyasi, iqtisadi, texniki, ekoloji və digər sahələrdə yalnız və yalnız elmə əsaslanmaqla davamlı inkişafa nail olmaq mümkündür. Deməli, dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Təbii ki, hər bir ölkənin milli maraqlarının təminatı da elmin inkişafını tələb edir.

 

Ölkə rəhbərinin müəyyən etdiyi elm siyasətini mərkəzləşmiş formada həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) son illər dinamik inkişaf yolunda olan respublikamızı digər sahələrdə olduğu kimi, akademik elm sahəsində də Qafqaz regionunun qabaqcıl dövlətinə çevirə bilmişdir. Yuxarıda qeyd olunan ölkələrlə müqayisədə mövcud reallıqlar nəzərə alınmaqla məhdud imkanlar daxilində Azərbaycanda əldə edilən elmi-texniki nailiyyətlər bilavasitə AMEA-nın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Təsəvvür edin, təkcə 2020-ci ildə AMEA-nın elmi müəssisələrində 157 problem, 540 mövzu üzrə 1618 elmi tədqiqat işi aparılmış, 134 mühüm elmi nəticə alınmış, 40 iş tətbiq olunmuş, 8-i xarici olmaqla 71 patent alınmışdır. Akademiya əməkdaşları tərəfindən yerinə yetirilən 47-si xarici alimlərlə birgə olmaqla 81 qrant layihəsi üzrə nəzərdə tutulmuş işlər tamamilə icra olunmuşdur.

 

Bu dövr ərzində akademiyanın alimləri tərəfindən 550-yə yaxın kitab, 7 mindən artıq məqalə və tezis, o cümlədən, 2700-ə yaxın elmi əsər xaricdə (1000-dən yuxarı “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) çap edilmişdir. Elmi işçilərin əsərlərinə 32 000-ə yaxın istinad olunmuşdur. Eyni zamanda, nəzərdə tutulan dövrdə AMEA-nın elmi müəssisələri sənayenin, kənd təsərrüfatının, ümumilikdə, ölkə iqtisadiyyatının, mədəniyyət və incəsənətin, səhiyyənin inkişafına, Azərbaycan tarixinin və dilinin araşdırılmasına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət edən, o cümlədən sosial məsələləri əhatə edən 20-yə yaxın dövlət proqramının icrasında yaxından iştirak etmişlər.

 

Elm-informasiya texnologiyaları əsri olan XXI əsrdə dünya elmi inkişafın yeni mərhələsini yaşayır. Hər gün, hər saat alimlər elmi yeniliklər əldə edirlər. Bu yeniliklərə atılan imzalar içərisində məmləkətimiz adına bizim alim və mütəxəssislərin adının olması üçün dünya elminə bütöv şəkildə inteqrasiya olunmağımız başlıca şərtdir. Bu zərurəti nəzərə alan AMEA Rəyasət Heyəti “Azərbaycan Respublikasında 2022–2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasını məqsədəuyğun hesab edib.

 

Hər bir elm sahəsində prioritet istiqamətlər üzrə inkişafa önəm verilməlidir

Heç şübhəsiz bundan sonra qəbul ediləcək akademik elmin inkişafı üzrə yeni davamlı milli strategiya elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönələcək. Lakin yeni strategiyada, xüsusən fundamental və tətbiqyönümlü tədqiqatlar aparılan dəqiq və təbiət elmləri üzrə bəzi vacib məqamlara üstünlük verilməsi məqsəduyğun olar.

Dünya elminin inkişaf tendensiyasını, aktual və müasir çağırışlarını nəzərdən keçirdikdə məlum olur ki, ölkəmizdə hər bir elm sahəsində tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi olduqca vacibdir. Məsələn, son illərdə dünya elmi tədqiqatlarında aparıcı elm mərkəzlərinin önəm verdiyi belə prioritet istiqamətlərdən biri kompüter kimyası ilə bağlıdır. Kimya sahəsində elə tədqiqatlar var ki, klassik, ənənəvi üsullarla nəzəri-təcrübi araşdırmalar, hesablamalar günlərlə, aylarla vaxt aparır. Lakin kompüter klasterlərinə bir çox proqramların yüklənilməsi və prosessorları paralel işlətməklə mühüm əməliyyatları qısa zaman kəsiyində həyata keçirmək mümkündür. Bu zaman internet vasitəsi ilə mərkəzin klasterində istifadəçi adları verilir və dünyanın hər hansı bir yerindən tədqiqatçılar öz sahələri ilə bağlı sistemə əmrlər göndərir və əməliyyatların nəticəsini əldə edə bilirlər. Ölkəmizdə və qonşu dövlətlərdə belə bir sistemin olmadığını nəzərə alsaq klasterlərə tələbatın böyük olduğunu təxmin etmək mümkündür. Bu klasterlər bir çox əməliyyatlar aparmaq imkanına malikdir. Məsələn, kimyəvi reaksiyalarda komponentlərin minimum enerjisini hesablamaqla gedişatın mümkünlüyü ilə bağlı fikir yürütmək imkanı yaradır. Bu da proseslərin təcrübi olaraq yoxlanması zərurətini ortadan qaldıraraq, tədqiqatın iqtisadi baxımdan səmərəliliyini artırır. Belə proqramlar vasitəsi ilə kimya, fizika, biofizika, farmakologiya və digər sahələrdə kompleks biomolekulların quruluş – funksiya əlaqələrini tədqiq etmək mümkün olur.

Problemdən çıxış yolu AMEA-da Elmi Hesablama Mərkəzinin yaradılması ola bilər. Düzdür, bunun həyata keçirilməsi müəyyən maliyyə vəsaiti tələb edir. Bu mərkəzdə quraşdırılan superkompüterlər kompüter elmləri, kimya, fizika və materialşünaslıq və digər sahələrdə istifadə edilir. Bu mərkəz kompüter elmləri sahəsində Data Mining, paralel hesablama sistemləri, bulud texnologiyaları, Grid Computing, E-commerce management Systems, SaaS, PaaS texnologiyalarının tədqiqi, Robotics qrupları üçün süni intellektin öyrənilməsi, LTE, GSM şəbəkələrində yüksək məlumat ötürülməsi üçün prototiplərin hazırlanmasına imkan verir.

Mərkəz kimya sahəsində isə üzvi və qeyri-üzvi sintezdə maddələrin minimum enerji hesablamalarının edilməsi və potensial enerji səth diaqramlarının qurulması, intellektual katalizatorların dizayn edilməsi, bərpa edilə bilən enerji sahəsində (hidrogen və s.) ciddi elmi tədqiqatların aparılmasını özündə ehtiva edir.

Bu əməliyyatların aparılması üçün superkompüterlərdə əsasən istifadə olunan “Gaussian 09” proqramı bu seriyanın mühüm elektronik konfiqurasiyasıdır. Kimyaçılar, kimya mühəndisləri, biokimyaçılar, fiziklər və digər elm adamları bu proqramdan istifadə edirlər. Kvant mexanikasının fundamental qanunlarını istifadə etməklə Gaussian 09 enerji, molekulyar struktur, vibrasiya tezlikləri, molekulun xassələri və bir çox fərqli kimyəvi mühitlərdə reaksiyaların gedişatı haqqında fikir yürüdür. “Gaussian 09”da çox mükəmməl modelləmə qabiliyyəti mövcuddur və keçmiş modellərə nisbətən bir çox xüsusiyyətləri yaxşılaşdırılmışdır. Bu, bir çox kompleks sistemləri və problemləri modelləmə imkanı verir.

Ölkəmizdə kompüter kimyası ilə bağlı müştərək beynəlxalq elmi tədqiqat mərkəzinin yaradılması və bu çərçivədə başladılan araşdırmaların kəmiyyət və keyfiyyət baxımdan genişləndirilməsi, eləcə də bu sahə üzrə yüksəkixtisaslı kadr hazırlığı Zaqafqaziya və MDB məkanında bir ilk olar. Bu işdə ABŞ-ın Emerson və Buffalo Kompüter Elmi Hesablama mərkəzləri ilə əməkdaşlıq edilməli və orada və ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin tanınmış elm mərkəzlərində çalışan Azərbaycan, türk əsilli məşhur alimlərin imkanlarından istifadə edilməlidir.

Real iqtisadiyyata tətbiq olunan elmi işlər sayəsində strateji məhsullar üzrə idxal asılılığı əsaslı şəkildə azala bilər

Dünya elminin müasir çağırışlarına cavab verən digər bir prioritet istiqamət tibb–biologiya–kimya fənnlərinin ortaq nöqtələrində (bioüzvi kimya, molekulyar biologiya, klinik tibbi kimya, farmakologiya və s.) olan multidissiplinar tədqiqatların genişləndirilməsidir.

Məlumat üçün bildirək ki, AMEA-nın bir çox institutlarında neft-kimya sənayesi, kənd təsərrüfatı sahəsi üçün sintez olunan üzvi birləşmələr bir çox hallarda fizioloji fəallıq göstərə bilirlər. Sovet dövründə bu tip maddələrin bir çoxu klinik sınaqlardan keçirilərək, dərman maddələri kimi istifadə olunmuşdur. Ancaq hazırda alınan fizioloji fəal maddələrin obyektiv səbəblərdən klinik sınaqlarını aparmaq mümkün olmur. Bu araşdırmaların nəticəsi olaraq yeni, daha təsirli dərman maddələrinin yaradılması mühüm dövlət probleminin – yüksək təsirli dərman preparatlarının istehsalının təşkili – həllinə öz töhfəsini verə bilər. Nəzərə alsaq ki, təkcə bu ilin yanvar-iyun aylarında ölkəmizə 253.5 milyon ABŞ dolları dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 72.7 milyon ABŞ dolları çox) 11.9 min ton əczaçılıq məhsulları idxal edilib, onda təbii ki, yüksək təsirli dərman preparatlarının ölkədə istehsalının təşkili iqtisadi cəhətdən xeyli səmərə verər. Pirallahı ərazisində tikilib istifadəyə verilmiş dərman zavodunda alimlərimizin ixtiralarının tətbiqi hər iki tərəfə böyük fayda verə bilər.

Digər tərəfdən yaradılacaq yüksək təsirli dərman preparatlarının tətbiqi bir sıra xəstəliklərin (bədxassəli şiş, Alzheymer, epilepsiya, qlaukoma, hipertoniya, diabet, metabolik sindrom, qaraciyər, ürək-damar sistemi, qalxanvari vəz, o cümlədən son bir ildə dünyanı öz ağuşuna alan COVID–19 və sair) əhəmiyyətli dərəcədə qarşısını almağa imkan verər.

Ümumiyyətlə, akademik elmin istehsal sahəsi ilə koordinasiya olunmuş birgə fəaliyyəti üçün effektiv əməkdaşlığın təşkili də mühüm əhəmiyyətə malikdir. Qeyd edə bilərik ki, hazırda ölkəmizə xarici ölkələrdən böyük həcmdə və böyük maliyyə vəsaiti hesabına idxal edilən bir çox strateji məhsulların, mal və materialların idxalının qarşısını AMEA-nın elmi tədqiqat müəssislərinin elmi-texniki əsaslandırması, o cümlədən real iqtisadiyyata tətbiq oluna bilən patentlərinin yüksək texnologiyalar parklarında, sənaye məhəllələrində, digər yerli istehsal müəssisələrində tətbiqi ilə almaq olar.

Yuxarıda qeyd olunan işlərin reallaşması AMEA-nın kimya, tibb-biologiya, yer elmləri üzrə ixtisaslaşmış institutlarının neft-kimya sənayesi, texnika, kənd təsərrüfatı üzrə ixtisaslaşmış kiçik və orta sahibkarlıq subyektləri ilə perspektivli əməkdaşlığının qurulmasını zəruri edir. Bu yolla ölkə iqtisadiyyatına tətbiq olunan elmi işlərlə strateji məhsulların yerli istehsalı təşkil olunarsa, bu bir tərəfdən dərman maddələrindən tutmuş, xüsusi təyinatlı texnika üçün sürtkü materialları, yanacaq, milli müdafiə məhsulları və sair strateji məhsulların xaricdən alınıb gətirilməsinə yönələn daxili vəsaitin ölkədən kənara çıxmasının qarşısını almış olar, digər tərəfdən həmin məhsullar üzrə xaricdən asılılıq əsaslı şəkildə azala bilər.

AMEA-da aparılan islahatların davamı elmi infrastrukturun modernləşdirilməsini əhatə etməlidir

Hazırda ölkəmizdə fundamental elmlər, xüsusən təbiət və dəqiq elmlər sahəsində elmi tədqiqatların aparılmasında əsas çətinlik lazım olan müasir laboratoriya avadanlıqları və reaktivlərin operativ şəkildə vaxtında, asan yolla əldə edilə bilməməsi ilə əlaqədardır. Aparılan müşahidələrə görə, bir çox hallarda lazım olan müasir cihaz və ya hər hansı bir reaktivin xaricdən sifariş edilib gətirilməsi 2-3 aydan tez mümkün olmur. Xarici ölkələrdə isə bu gün sifariş edilən reaktiv ən pis halda sabah, ən yaxşı halda 1-2 saatdan sonra tədqiqatçıya çatdırılır. Məhz ölkəmizdə elmi araşdırma üçün zəruri sifarişlərin gecikdirilməsi aparılan tədqiqatın aktuallığını azaldır. Elm isə daim inkişafdadır. Bu gün aktual olan mövzu sabah əhəmiyyətini itirə bilər.

Ona görə tədqiqat institutlarına lazım olan fiziki-kimyəvi analiz cihazlarının, laboratoriya avadanlıqlarının və reaktivlərin Nazirlər Kabinetinin əlavə dəyər vergisindən azad olunan mallar siyahısına daxil edilməsi, həmçinin idxal zamanı rəsmiləşdirmə qaydalarının sadələşdirilməsi problemin həllinə böyük töhfə verə bilər.

Elmin yeni inkişaf strategiyasına konkret seçilmiş prioritet istiqamətlər üzrə milli laboratoriyaların qurulması ayrıca bir bənd kimi salınmalıdır. Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində mövcud olan milli laboratoriyaların fəaliyyət planı çox genişdir. Milli laboratoriyalar dəqiq və təbiət elmləri ilə bağlı hər cür fiziki-kimyəvi analizlərin aparılacağı, həmçinin ölkənin ən güclü tədqiqatçılarının işləyə biləcəyi bir yerdir. Bu laboratoriyalarda ən son model cihazların (X-Ray analiz, Nüvə Maqnit Rezonans (NMR), İnfraqırmızı şüa (İQ), Kütlə spektroskopiyası (GC,HR-MS), UV-vis, FT-IR, Atom absorbsiya spektrometer (ABS), XRD) olması şərtdir. Bu cihazlar həm tədqiqat məqsədli, həm də kənar təşkilatlara (sənaye müəsisələri) xidmət göstərə biləcək səviyyədə olacaq.

Ən yeni və müasir tədqiqat istiqamətlərini (bərpa oluna bilən enerji, süni qida və s.) özündə ehtiva edəcək bu qurum xarici laboratoriyalarla da sıx əməkdaşlıq edir. Bu laboratoriyaların tərkibində həmçinin modelləmə departamenti mövcud olmalıdır. Təbiət elmləri sahəsində aparılan tədqiqatlar superkompüterlər vasitəsi ilə daha səmərəli şəkildə həyata keçiriləcək.

Dünya elminə sürətli inteqrasiya bütün elm sahələri üzrə olmalıdır

Hazırda dünya elminə inteqrasiya prosesində müşahidə olunan ciddi problemlərdən biri əksər araşdırma mövzularında aktuallıq və müasirliyin az nəzərə alınması, işlənmiş mövzular üzrə araşdırmaların aparılması, ayrı-ayrı tədqiqat müəssisələrin bir-birini təkrarlayan tədqiqatla məşğul olmasıdır. Bu gün elmi tədqiqat aparılan mövzuları beynəlxalq axtarış sistemlərində dəyərləndirərkən, üzə çıxan acınacaqlı mənzərə təxminən belədir: ya mövzu aktual deyil, dünya alimlərini maraqlandırmır və ya işlənmiş mövzudur, dünya elm mərkəzləri artıq o mövzu ilə bağlı araşdırmanı bir neçə il əvvəl aparıb, mühüm nəticələr də ortaya qoyubdur. Odur ki, belə mövzularda əldə olunan nəticələri nüfuzlu xarici jurnallarda dərc etdirmək mümkün olmur, yaxud dərc olunan məqalələrə də istinad edilmir.

Bu problemdən çıxış yolu isə akademiyanın nəzdində müxtəlif elmi bölmələr üzrə fundamental tədqiqatlar aparan bütün elmi müəssisələr “SciFinder” qlobal axtarış sisteminə çıxış əldə etmək üçün, müvafiq proqramlarla təchiz edilməsi ilə ola bilər.

Dünya elminə inteqrasiya prosesinin sürətləndirilməsi üçün bütün alimlərimizin elmmetrik bazalarda profil səhifələri yaradılmalı, onlar nüfuzlu elmi bazalarda arxivləşən jurnallardan istifadəyə cəlb olunmalı, akademik sosial şəbəkələrin imkanlarından istifadə edilməli və elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik meyarlar əsas götürülməli və bütün bunlar tədqiqat institutlarının qarşısında tövsiyə yox, tələb kimi qoyulmalıdır. Hətta sağlam rəqabət yaratmaq üçün ildə bir dəfə akademiya və ya ayrı-ayrı institutlar üzrə alimlərin və eləcə də elmi tədqiqat müəssisələrin elmmetrik göstəricilər üzrə reytinq siyahısı tərtib edilməli, keçirilən qrant layihə və bilik müsabiqələrində bu reytinq göstəriciləri nəzərə alınmalıdır.

Nəzərə almaq lazımdır ki, dünyada hər bir alimin elmi fəaliyyəti məhz elmmetrik meyarlar əsasında qiymətləndirilir. Bu meyarlar içərisində əsas parametrlər də nüfuzlu jurnallarda məqalə çapı, onlara olan ümumi istinad və H-indeks hesab olunur. Təəssüf ki, ölkəmizdə bu elmmetrik göstəriciləri qəbul etmək bir yana, onun mahiyyətini belə doğru-düzgün başa düşməyən alimlər var. Onlar ki, hətta “Google Scholar”, “ResearchGate”, “Mendeley.com”, “Academia.edu” və sair kimi akademik profil səhifələrin yaradılmasına belə maraq göstərmirlər. Həmin insanlarla eyni düşüncəni paylaşanlar da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə və ya elmlər doktoru dissertasiya işlərinin müdafiəsi üçün “Web of Science”, “Scopus” hətta “РИНЦ” elmi bazalarına daxil olan jurnallarda çap olunan 2-3 məqalə tələbini gənclərin elmə gəlməsinin qarşısını alan əsas maneə olaraq görürlər. Halbuki inkişaf etmiş və ya etməkdə olan istənilən ölkədə nəinki PhD, hətta magistr təhsili alan gənc mütəxəssisin 10-dan çox məqaləsi, o məqalələrə yüzlərlə istinadları olur.

Xarici nüfuzlu jurnalda çap olunmaq, təkcə müəllifin alimliyinin təsdiqi deyil, həm də onun çalışdığı elmi müəssisənin, akademiyanın və ən əsası da ölkəsinin elminin tanınması, elmi əsərinə istinad isə həm də dünyanın onun təmsil etdiyi ölkəyə istinad göstəricisidir.

AMEA-nın fundamental və eksperimental elmi tədqiqatlar aparan institutlarında həyata keçirilən işlərin keyfiyyətinin artırılması üçün istedadlı, ixtisas və mükəmməl dil bilgilərinə malik gənclərin xarici ölkələrdə orta və uzunmüddətli təcrübəkeçməyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Müharibədən sonra yaranan yeni reallıqlar alimlər qarşısında konkret vəzifələr qoyur

Təbii ki elmimizin dayanıqlı və milli yeni strategiyasında yer alacaq ən vacib məqam Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun zəfərlə başa çatdırdığı 44 günlük müharibədən sonra yaranan yeni reallıqların elm adamları qarşısında qoyduğu konkret vəzifələrlə bağlıdır. İlk növbədə aranı və dağı ilə bir yerdə Qarabağ regionu elm mərkəzinə çevrilməlidir. Düzdür, akademiyanın Qarabağ Elmi Bölməsinin yaradılması, eyni zamanda, AMEA-nın işğaldan azad edilmiş ərazilər üçün hazırlanan elmtutumlu bərpa və quruculuq layihələrinin əks olunduğu 14 bəndlik fəaliyyət proqramı ilkin tədbirlər kimi təqdirəlayiqdir. Lakin Qarabağ regionunu dünya alim və mütəxəssislərinin tez-tez bir araya gətirildiyi məkan halına gətirməliyik. Burada bütün elm sahələrini əhatə edən elmi konfrans, simpozium, elm həftəsi, elm günləri təşkil edilməlidir. Bölgənin zəngin yeraltı, yerüstü sərvətləri, fauna, flora aləmi, münbit torpaq örtüyü 30 ildir ki, digər sahənin mütəxəssisləri kimi geoloq, bioloq, torpaqşünas, fizik, coğrafiyaşünas, seysmoloq və sair alimlərimizin yolunu gözləyir. Orada nə qədər istəsən tədqiq olunmalı mənbələr vardır. Elə bu günlərdə Cənab Prezidentin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş yerlərdə informasiya texnologiyalarının ən son nailiyyətləri olan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinə start verilib. Heç şübhəsiz bu ərazilərdə akademiyanın idarəetmə sistemləri və informasiya texnologiyaları üzrə ixtisaslaşmış alimlərinin reallaşdıra biləcəkləri layihələri var və olmalıdır.

 

Lakin təbiətşünas alimlərimizlə müqayisədə humanitar və ictimai elmlərin təmsilçiləri – tarixçilər, arxeoloqlar, ədəbiyyatşünaslar, mədəniyyət, incəsənət, folklor və sair sahələrin tədqiqçilərinin çiyinlərinə ikiqat məsuliyyət düşür. Ölkə rəhbəri bəyan edib ki, ortada yeni reallıqlar var. Bu reallıqları nəzərə almaqla tariximiz mükəmməl araşdırılmalı və yenidən yazılmalıdır. Qarabağ və digər tarixi mahallarımızın toponimiyasından tutmuş, tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti ilə bağlı ermənilər tərəfindən saxtakarlıqla mübahisə predmetlərinə çevrilən elementlər vardır ki, onlar elmi əsaslar üzərində yenidən tədqiq olunmalı və dünyaya Azərbaycan həqiqətləri şəklində çatdırılmalıdır. Həm də bu araşdırmalar beynəlxalq müştərək tədqiqatlar formasında dünyanın müvafiq sahələr üzrə aparıcı elm mərkəzlərinin alimləri ilə birlikdə aparılmalıdır. Unutmaq olmaz: döyüş meydanında müharibə qələbəmizlə başa çatıb, ancaq siyasi mübarizəmiz davam edir. Hazırlıq mərhələsində olan 2022-2030-cu illəri əhatə edən elmin davamlı, milli strategiyasına elmi əsaslara, konkret faktlara söykənən zəruri siyasi elementlərin daxil edilməsi ümummilli məqsədlərimizə çatmağa yardımçı olacaq.