Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 11:58:00
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun bp-dən SOCAR-a ötürülməsi prosesi başa çatıb

 

 

 

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatirluğunun bp Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb. Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir. SOCAR Midstream Operations MMC SOCAR-ın 100%-lik törəmə müəssisəsidir.

 

Texniki operatorluğun ötürülməsi Şah Dəniz Qaz Yatağının 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri çərçivəsində Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü il dekabrında imzalanmış CQBK Boru Kəməri Payçılarının Sazişiin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq etmişlər.

 

 

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, Azərbaycan dövlət şirkətinin beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir, Azərbaycanın qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik.”

 

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons demişdir: “Biz dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyuruq. CQBK Cənubi Qaz Dəhliznin həlledici hissəsidir, bu kəmər vasitəsilə Xəzərin enerji resursları ilk dəfə Avropa bazarlarına nəql olunub və bu prosesin təhlükəsizlik, səmərəlilik və uzunmüddətli etibarlılıq çərçivəsində davam etməsi üçün əməkdaşlığımız  vacibdir. SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. Şahdəniz və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq.”

 

SOCAR Midstream şirkətinin icraçı direktoru Fuad Əhmədov demişdir: “Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyuruq. Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.

 

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə ixrac boru kəmərləri üzrə sahə əməliyyat meneceri Eldar Qaziyev demişdir: “CQBK ixrac əməliiyalarının başladığı 2006-cı ildən bəri təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərir və bu diqqətəlayiq performans kəmərin əməliyyat heyətinin və işçi qüvvəsinin sayəsində əldə olunmuşdur. Texniki operatorluğun ötürüldüyü bu mühüm anda mən onların bütövlükdə ixrac sisteminin təhlükəsizliyini və etibarlılığını təmin edən dəyərli töhfələrini, işə məsuliyyətli yanaşmalrını və mükəmməl işlərini qeyd etmək istərdim. Əminik ki, əməliyyat təhlükəsizliyinə sadiqlik və işçi heyətin yüksək keyfiyyətli bacarıqları SOCAR-ın texniki operatorluğu dövründə də davam edəcək. Uğurlu keçidə nail olmaq üçün hər iki komandamızın nümayiş etdirdiyi birgə iş mükəmməl tərəfdaşlıq və sıx əməkdaşlığın nümunəsidir. Biz keçidin kəmərin fəaliyyətinə təsir etmədən təhlükəsiz və rahat tamamlanmasına görə xüsusi qürur duyur və bunu mümkün etdikləri üçün SOCAR və bp komandalarına təşəkkür edirik.”