Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 09:24:00
BMU prorektorunun həmmüəllifi olduğu kitab Bolqarıstanda nəşr olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanovun həmmüəllifi olduğu “Azərbaycan iqtisadiyyatı” kitabı cari ilin iyun ayında Bolqarıstanda nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan iqtisadiyyatının müxtəlif aspektlərdən tədqiq edildiyi və nəfis tərtibatla dizayn olunduğu kitab Bolqarıstanın ən böyük universitetlərindən biri olan Veliko Tarnovo Universitetinin (University of Veliko Tarnovo) Elmi Şurasının qərarı ilə universitet nəşri olaraq işıq üzü görüb.

 

44 günlük Zəfər tarixindən sonra Azərbaycana olan diqqətin artmasının nəticəsi olaraq ölkəmizlə əlaqəli elmi-tədqiqatlara böyük marağın yaranması kitabın yazılmasını zəruri edən amillər sırasındadır. Kitabın digər həmmüəllifləri Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fərhad Rəhmanov və Azərbaycan Turizm və Menecment Universitetinin Marketinq kafedrasının müdiri, dosent Elmira Qocayevadır.

 

“Azərbaycan iqtisadiyyatı” kitabı BMU dosentinin sayca 15-ci kitabıdır. Kitab rus dilində nəşr olunan geniş rusdilli oxucu auditoriyasına ölkəmiz və onun iqtisadiyyatı haqqında geniş məlumat çatdıracaq. Bolqarıstandakı universitetin icazəsi alındıqdan sonra kitabın elektron versiyasının elmi resurs bazalarına yüklənilməsi və bir neçə nüsxəsinin ölkəmizin aparıcı universitetlərinin kitabxanasına hədiyyə ediləcəyi nəzərdə tutulur.

 

Qeyd edək ki, E.Süleymanov Azərbaycan, türk və ingilis dillərində kitablar, həmçinin əksəriyyəti xaricdə nəşr olunan 100-ə yaxın elmi məqalələrin müəllifidir.