Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 14:20:00
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir  

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbin binasında yerləşən Nardaran Bilik Evi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin təbliği, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında əhaliyə dolğun biliklərin çatdırılması, müstəqil və yaradıcı düşünə bilən vətəndaş və şəxsiyyət yetişdirmək, gənclərin peşə hazırlığını yüksəltmək, dünyagörüşlərini artırmalarına kömək etmək, məşğulluğuna dəstək vermək məqsədilə 2016-cı il martın 15-də tarixində yaradılıb. Elə həmin il martın 30-da 295 nömrəli tam orta məktəblə Quba şəhərındəki texniki təmayüllü lisey arasında Bilik Fondunun həyata keçirdiyi “İl boyu bilik” proqramı çərçivəsində “Qardaşlaşma haqqında” saziş imzalanıb. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək vermək, məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına kömək göstərməkdir.

Bunu AzEdu.az-a açıqlamasında Bilik Fondunun aparıcı mütəxəssisi Aynur Seyidova deyib. Mütəxəssis bildirib ki, növbəti uğurlu layihələrdən biri də Bilik Fondu ilə Təhsil İnstitutunun birgə layihəsi əsasında Nardaran Bilik Evində müəllimlər üçün "Təhsilverənlərin peşəkar inkişafı və icma maarifçiliyi" mövzusunda təşkil olunmuş təlim kursları olub. Təlim müddətində tədrisin planlaşdırılması, sinifdaxili proseslərin idarə olunması, məktəbdaxili qiymətləndirmə, mənəvi dəyərlərin aşılanması mövzularında fikir mübadiləsi aparılıb. Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər təşkil edilib. Tanınmış ziyalılar – akademiklər, professorlar bölgələrdə, o cümlədən Nardaran qəsəbəsində məktəblilər və yerli sakinlərlə görüşüb, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli Liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti barədə ətraflı məlumat veriblər. Bundan əlavə, 2016-cı il oktyabrın 1-də V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, tarix və mədəniyyətimizin təbliğində, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının alman oxucularına çatdırılmasında danılmaz rolu olan Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman Nardaran Bilik Evinin qonağı olub.

Onun sözlərinə görə, Nardaran məktəbliləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi ilə əlaqədar Bilik Fondu və akademiyanın birgə təşkilatçılığı ilə keçirilən sərgidə iştirak ediblər. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında oynadığı rol barədə geniş məlumat verilib. Tədbirdə iştirak edən Fondun icraçı direktoru Oktay Səmədov sərginin çox maraqlı olduğunu, şagirdlərin biliklərinin artırılması, elmin gənclər arasında populyarlaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu qeyd edib. Bilik Fondu görkəmli şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2017-ci il 24 oktyabr tarixli Sərəncama uyğun olaraq, Nardaran Bilik Evində ədibin yaradıcılığına həsr olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirib. “İl boyu bilik” proqramı çərçivəsində Bilik Fondunun təşkilatçılığı, Nardaran Bilik Evinin dəstəyi ilə qəsəbədəki 130 nömrəli tam orta məktəbdə dünya şöhrətli alim, görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunan silsilə maarifləndirici tədbir xüsusi maraq doğurub. Tədbirdə görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə Əliyevanın ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın keşməkeşli yollarında onunla birgə addımladığı, Prezident İlham Əliyev kimi övlad böyütdüyü, elmin çətin yollarında inamla irəliləyərək uca zirvələrə yüksəldiyi, çox məsuliyyətli, nümunəvi həyat yaşadığı diqqətə çatdırılıb.

A.Seyidova onu da bildirib ki, maarifləndirici fəaliyyətinin dördüncü ilinə qədəm qoymuş Bilik Fondu bu günə qədər təşkil olunan “İngilis dili”, “Rus dilli”, “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə ödənişsiz təlim kurslarını müvəffəqiyyətlə başa vuran Nardaran Bilik Evinin dinləyicilərini sertifikatlarla təltif edib.