Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 13:03:00
LDU-da olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Lənkəran Dövlət Universitetində (LDU)   26 mart 2021-ci il tarixdə  onlayn qaydada  keçirilmiş olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.  Xatırladaq ki,  LDU-da riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə  artıq  5 ildir ki,   “Zona fənn olimpiadası” təşkil edilir.

 

AzEdu.az xəbər verir ki, bu dəfəki  fənn olimpiadasında  Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarının orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri daxil olmaqla 300-ə yaxın namizəd onlayn qaydada  iştirak edib.

 

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov olimpiada  qaliblərini  qazandıqları  uğurlara  görə  təbrik edib və  bu nailiyyəti elm yolunda onların  ilk  addımı  kimi  dəyərləndirib. COVİD-19 pandemiyasının davam etdiyi hazırkı şəraitdə keçirilən onlayn olimpiadanı universitetin elmi uğuru və bu sahəyə diqqəti adlandıran universitet rəsmisi bilik yarışmasına həvəslə qatılan və qalib olmağı bacaran yeniyetmələri LDU-nun tələbələri sırasında görmək arzusunuda olduğunu deyib. N.İbrahimov son illərdə tədrisin təşkili , elmi tədqiqatların aparılması, tələbələr üçün əlverişli dərs şəraitinin yaradılması istiqamətində  görülən işlərdən söz açaraq bu xəttin davamlı olacağını  bildirib.

 

Rektor 44 gün davam edən və Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan müharibədə universitet məzunlarının, tələbələrinin, bütövlükdə Azərbaycan gəncliyinin  fəal iştirakından da söz açıb.Bu müharibədə gəncliyin rolunu yüksək dəyərləndirən professor Natiq İbrahimov bildirib ki,  azad edilmiş ərazilərin yenidən dirçəldilməsinə də gənclər öz töhfələrini verməlidirlər. “Yeni texnologiyaların yaradıcıları  siz olmalısınız, onların tədbiqini siz həyata keçirməlisiniz. Ölkəmizin sabahı, elmi –texniki tərəqqisi  sizdən asılıdır. Bu gün ölkəmizdə  ixtisasını dərindən bilən mütəxxəssilərə, yaradıcı gənclərə böyük ehtiyac duyulur.Mən sizə elmin çətin yollarında  uğurlar arzulayıram” -Natiq İbrahimov  deyib.

Rektor  olimpiada qaliblərinə universitetin diplom, kubok və qiymətli hədiyyələrini  təqdim edib.

 

Sonda xatirə şəkilləri çəkilib.