Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 17:36:00
Xüsusi qabiliyyət imtahanlarına start verilib  

İyunun 16-dan etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarına start verilib.

DİM-dən  bildirilib ki, imtahanlar əvvəlcə Məşqçilik (61) və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62), komissiyaları üzrə, iyunun 21-dən isə Dizayn (14) və Dekorativ tətbiqi sənət (15) komissiyaları üzrə keçiriləcək.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin çap edilməsi və imtahan tarixləri yaxın günlərdə elan olunacaq.

Qabiliyyət imtahanlarında iştirak üçün birinci sənəd qəbulunda 14 min 215 abituriyent qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər (14, 15, 61 və 62-ci komissiyalar üzrə) öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib orada qeyd olunan vaxtda imtahanda iştirak etməlidirlər.

İmtahana maska ilə gəlmək və sosial məsafəni gözləmək lazımdır.

Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün ikinci qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. Qabiliyyət imtahanlarına ikinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:

- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;

- subbakalavrlar;

- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.

2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri DİM-in saytında yerləşdirilib.