Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 16:03:00
“WorldSkills Azerbaijan” platforması xalçaçılıq müsabiqəsi təşkil edib  

“WorldSkills Azerbaijan” platformasının təşkilatçılığı ilə peşə təhsil müəssisələri arasında “Bacarıqlı ol! – Milli irsimizi yaşat!” xalçaçılıq müsabiqəsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılığa gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarət olub. Aprel-may aylarında keçirilmiş müsabiqə çərçivəsində xalçaçılıq ixtisasının tədris olunduğu 16 peşə təhsil müəssisəsindən 50-yə yaxın xalçaçı gənc “Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” kateqoriyaları üzrə hazırladıqları xalçaları təşkilatçılara təqdim ediblər. Müsabiqə çərçivəsində hazırlanan xalçaların qiymətləndirilməsi hər kateqoriya üzrə eskizlərə uyğun olaraq təcrübəli münsiflər tərəfindən aparılıb. Münsiflər heyəti əl işlərini toxuma texnologiyası, istifadə olunmuş sapların keyfiyyəti, ilmələrin sıxlığı, naxışların aydınlığı, rəng çalarlarının ahəngi və səliqəliliyi kimi meyarlar əsasında dəyərləndiriblər. Münsiflərin qiymətləndirməsi əsasında müəyyən olunan ən yaxşı xalça müəllifləri, onların ustaları və təmsil etdikləri peşə təhsili müəssisələri kubok, hədiyyələr və sertifikatlarla mükafatlandırılacaq.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.