Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-06 18:10:00
Lənkəranda Azərbaycan təbiətindən bəhs edən “Təbiətin qızıl tacı” kitabının təqdimatı keçirilib

Bu günlərdə tanınmış yazıçı-ekoloq Bəxtiyar Hüseynovun növbəti kitabı işıq üzü görüb. Azərbaycan təbiətindən bəhs edən növbəti əsər “Təbiətin qızıl tacı” adlanır. Kitab Qızılağac Milli Parkının flora və faunasından bəhs edir.

AzEdu.az xəbər verir ki, Lənkəranda pandemiya qaydaları gözlənilməklə keçirilən yeni nəşrin təqdimatı Qızılağac Milli Parkında təşkil olunub. Kitabın təqdimatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri və təbiətsevərlər iştirak ediblər. Kitabda Avropa alimlərinin, xüsusilə Çexiya alimlərinin Azərbaycan təbiəti ilə bağlı tədqiqat işləri, praktik elmi tövsiyələri yer alıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, yazıçı–ekoloq Bəxtiyar Hüseynovun imzası oxuculara yaxşı tanışdır. Elmi, publisistik və bədii kitabların müəllifi olan Bəxtiyar Hüseynov əhalinin ekoloji cəhətdən maariflənməsi və ekoloji biliklərin təbliği ilə əlaqədar yorulmadan çalışır. Bu kitab təbiətsevərlərimizə, mütəxəssislərə, ali və ümumtəhsil məktəblərinin müəllimlərinə, tələbələrə dəyərli töhfədir.

Yeni kitabda Qızılağac Milli Parkının inkişaf dinamikası, flora və faunası araşdırılır. Dövlətimizin Qızılağac Milli Parkı fonunda təbiətimizə göstərdiyi qayğı oxucuların diqqətinə çatdırılır. Kitabda ekosistem vahid bir orqanizm şəklində təqdim olunur. Həmçinin Qarabağ bölgəsinə xüsusi diqqət yetirilir, bədxah qonşularımızın təbiətə qarşı amansız vandalizmi ifşa edilir.

Yazıçı-ekoloq Bəxtiyar Hüseynov yeni kitabı haqqında məlumat verərək bildirib ki, Çexiya alimləri mütəmadi olaraq Azərbaycan təbiətinin tədqiqatında iştirak edirlər: “Onlar təbiətimizdən nümunələrini öz ölkələrinə aparıb tədqiq edirlər. Çexiya yeganə ölkədir ki, “Xarıbülbülü” Azərbaycandan aparıb Botanika Universitetinə təqdim ediblər. Bununla qürur duyuram. Növbəti kitabım isə Qarabağ təbiəti haqqında olacaq”.

Qeyd edək ki, yazıçı-ekoloq Bəxtiyar Hüseynovun bu yeni nəşri sayca 11-ci kitabıdır. Bunlardan 5-i Azərbaycan təbiətinin tədqiqinə və təbliğinə həsr olunub.