Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 12:18:00
“Valideyn üçün günüuzadılmış qruplar açılmasından xoş müjdə nə ola bilər…?” – Sədr müavini

“Şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

 

O, günuzadılmış qrupların fəaliyyətindən söz açıb:

 

 

Belə ki, Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası” təsdiqlənib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib.

 

 

“Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

 

 

Valideyn üçün məktəblərdə günüuzadılmış qruplar açılmasından xoş müjdə nə ola bilər ki? Hər şeydən əvvəl, şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər. Digər bir məsələ qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək, şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq, cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək.

 

 

Dövlət hesabına maliyyələşən bu qrupların yaradılmasında əsas məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ev tapşırıqlarının hazırlanmasına istiqamət verməkdir. Vacib məqamlardan biri də odur ki, qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.  Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək”.

 

 

Sədr müavini günuzadılmış qrupların tarixindən söz açıb:

 

 

“Onu da xatırltmaq yerinə düşər ki, günüuzadılmış qruplar hələ sovetlər birliyi dövründən mövcud olub və müasir dövrümüzdə də dünyanın inkişaf etmiş əksər ölkələrində bu qrupların fəaliyyətinə geniş yer verilir. Əgər səhv etmirəmsə, təxminən 5-6 il bundan əvvəl təkcə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 300-dən bir qədər artıq məktəbdə 200-ə yaxın günüuzadılmış qrup fəaliyyət göstərirdi. Bu qruplara 4000-nə yaxın şagird cəlb olunmuşdu. Müəllimlər şagirdlərin qidalanmasına, onların gəzintiyə çıxarıldılmasına, şifahi və yazılı ev tapşırıqlarının hazırlanmasına nəzarət edirdi.

 

 

Bir ara, müəyyən obyektiv və subyektiv səbəblərdən günüuzadılmış qruplarlarla bağlı durğunluq yaşandı. Nəhayət, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Ümumi təhsil haqqında” qanuna Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası ilə bağlı dəyişiklik öz əksini tapmış oldu.

 

 

Yəni, qüvvədə olan qanunda ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qrupların yaradılması nəzərdə tutulur və günüuzadılmış qrupların təşkili qaydasının müəyyən edilməsini nəzərdə tutan müddəa əlavə olunur”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları