Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-20 13:30:00
UNEC “SABAH” Mərkəzinin elmi-tədqiqatları beynəlxalq bazalarda indeksləşib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Mərkəzi elmi-tədqiqatyönümlü fakültəyə çevrilmək istiqamətində fəaliyyətini uğurla davam etdirir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, mərkəzin müəllim, tələbə və məzunlarının növbəti elmi-tədqiqatları və məqalələri “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşib.

Mərkəzin rəhbəri dosent Aida Quliyeva, müəllim Ülviyyə Rzayeva və “SABAH” məzunu Nərmin Cəfərovanın “Azərbaycanın enerji müəssisələri timsalında bəzi göstəricilərin qeyri-səlis məntiqlə təhlili” mövzusunda yazdıqları tədqiqat işində qeyri-səlis məntiq aparatının (MATLAB proqram paketinin Qeyri-səlis məntiq alət dəsti) istifadəsi ilə istehsal göstəricilərinin inkişafının qiymətləndirilməsi üçün model hazırlanıb. Model müəssisələrin səmərəliliyi və inkişafının mikroiqtisadi göstəricilərinə əsaslanır.

Daha bir maraqlı tədqiqat “SABAH” müəllimi Mətin Füruzi, tələbələr Nəbi Rəhimov, Günel Məmmədova, Qədim Qədimov, Ülvi Salehzadə, Ülkər Mahmarzayeva tərəfindən aparılıb. Müəlliflər pandemiyanın İtaliyada hotellərə vurduğu ziyanı araşdırıblar. Məqalədə dövlətin aparmalı olduğu zəruri iqtisadi islahatlar və hotel sənayesinin iqtisadi böhranlara hazırlığı və dayanıqlığı yolları da açıqlanıb.
Mərkəzin müəllimi Aysel Quliyevanın 4-cü kurs tələbələri Jalə Rzayeva və Arzu Miriyeva ilə həmmüəllifi olduqları “İnkişaf etməkdə olan ölkələrdə bərpaolunan enerji mənbələrinin təbii və iqtisadi təsiri: Azərbaycan nümunəsi” adlı məqalə də dəyərli tədqiqat nümunəsidir.
“İqtisadiyyatın yeni tendensiyaları: rəqəmsal enerji nümunəsi” adlı növbəti məqalədə “SABAH” Mərkəzinin müəllimi Aysel Quliyeva, tələbələr Ədalət Bayramov və Sabir Tağızadə rəqəmsal enerji konsepsiyasını araşdırıblar.
Mərkəzin apardığı daha bir tədqiqat isə “Ömür boyu təhsil rəqəmsal dövrün çağırışı kimi” mövzusunda olub. Dosent Aida Quliyeva, müəllimlər Təranə Əliyeva, Ülviyyə Rzayeva və Rəna Hüseynovanın apardığı tədqiqat işi rəqəmsal iqtisadiyyatda Azərbaycan təhsilinin davamlılığının qiymətləndirilməsinə əsaslanır.