Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 11:57:00
Abituriyentlər isti havada imtahan həyəcanından bu yolla qurtula bilərlər– Ekspertlərdən uğur düsturları  

Azərbaycanda bu yay anomal istilər hökm sürür. Hətta son 120 ilin rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilir  ki, havanın temperaturu bəzi ərazilərdə 46 dərəcəyədək yüksəlir.

Nəzərə alaq ki, bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanları keçiriləcək.  Anormal hava şəraitinin isə abituriyentlərə müəyyən dərəcədə çətinlik yaradacağı qaçılmazdır.

Bəs bu cür riskli hava şəraitindən mimumun zərərlə yaxa qurtarmaq üçün abituriyentlər və onların valideynləri hansı tədbirlər görməlidirlər?

Mövzu ilə bağlı AzEdu.az-a  danışan  pediatr  Vaqif Qarayev bildirib ki, anomal hava şəraiti imtahan verəcək gənclərin, eləcə də şagirdlərin səhhətinə təsirsiz ötüşməyəcək:

“Əsas məsələ imtahan verilən otaqda tempuraturun yüksək olmasıdır. İsti hava əlavə gərginlik deməkdir. Bu cür hava abituriyentlərin düşüncəsində, yaddaşında problemlər yarada bilər.

İmtahandan əvvəl tamamilə sakit olmaq və bu barədə fikirləşməmək daha yaxşıdır. Beyin istirahəti çox vacib olduğundan  abituriyentlər əyləncə ilə məşğul olmalıdırlar. Valideynlər də övladlarına qayğı göstərməlidirlər. Ümumiyyətlə, imtahanla bağlı söhbətləri yığışdırmaq lazımdır. Onsuz da abituriyentlər gərginlik içindədirlər. Valideynlər də  bir yandan "bu qədər bal yığmalısan" deyib gərginliyi artırmasınlar. Özgüvəni az olan uşaqlar üçün valideynlər stress mənbəyi olur. Bir günə heç nə dəyişə bilməz. Şagird nəyi bilirsə, onu da yazacaq. Ona görə imtahan qabağı uşaqlara sevdiyi əyləncə ilə məşğul olmağa şərait yaratmaq lazımdır”.

Psixoloq Ramil Nəcəflinin sözlərinə görə, havanın tempuraturunun isti olması abituriyentlərdə təşvişə səbəb olmamalıdır:

“Valideynlərə və abituriyentlərə  mümkün olduğu qədər çətin, əziyyəti xatırladan sözlərdən istifadə etməməyi tövsiyə edirəm. Məsələn, “dəhşət istidir”, “bu istidə imtahana hazırlaşmaq çox çətindir”, “çox həyəcanlıyam” kimi sözlərdən qaçmaq lazımdır. Beyini hərəkətləndirən və müsbət enerji ötürən kəlmələrdən yararlansınlar. “Çətindir” sözü əvəzinə “asan deyil”, “dəhşət isti var” əvəzinə “hava sərin deyil”, “imtahan ərəfəsində çox həyəcanlıyam” əvəzinə “imtahandan uğur qazanıb dincələcəm” kimi beyinə uğur siqnalı ötürən cümlələr qursunlar. İndiyədək həyatlarında əldə etdikləri ən uğurlu günlərini, özlərini rahat hiss etdikləri anları xatırlasınlar. İmtahana gedəndə özlərini imtahana gedirmiş kimi yox, sanki lifti olmayan və 5-ci mərtəbədə yerləşən bir məkana pilləkənlə qalxıb sevdikləri müğənninin konsertinə gedirmişlər kimi hiss etsinlər”.

Psixoloq qeyd edib ki, beyinə müsbət siqnallar ötürəndə beyin bir vaxtlar nələrisə bacardığını xatırlayır:

“Beləliklə, “bunu da bacaracağam” kimi özgüvən aşılayan hisslər yaranır. İmtahandan bir gün əvvəl imtahana hazırlaşmağı  dayandırıb  xoşladıqları hobbi və ya əyləncə ilə məşğul olsunlar. Valideynlərə tövsiyəm odur ki, övladlarından gözləntilərini, arzularını tez-tez uşağın yadına salıb onu sıxmasınlar. “İmtahanda uğur qazanmağın sənin seçimin və sənin həyatındır” fəlsəfəsini irəli sürsünlər. Abituriyentin yanında  səsli  şəkildə dua və arzularını dilə gətirib onu həyəcanlandırmasınlar. Vacib olan hər kəsin imtahanlarda rahat olması, imtahanın əzablı bir şey olmadığını düşünməsidir.

Valideynlər qonşunun, filan qohumun uşağının uğurlarından danışıb öz övladlarını pisikdirməsinlər. Düzgün motivasiya verməyi bacarmaq lazımdır. İmtahan öncəsi abituriyentlər təmiz qazsız su içməli və imtahan zalında bir neçə dəfə dərin, uzun nəfəs alıb verməlidirlər”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 18 iyulda I-IV, 26 iyulda isə II-III ixtisas qrupları üzrə qəbul imtahanları keçirəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları