Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 14:08:00
Bu dərsliklərdən istifadə edən şagirdlərin mənimsəmə göstəriciləri daha yüksəkdir

Tədqiqatın nəticələrinə əsasən bu dərsliklərdən istifadə edən şagirdlərin mənimsəmə göstəriciləri daha yüksəkdir

 

 

Gənc nəslin təlim və tərbiyəsində əsas bilik mənbəyi olan dərsliklər demək olar ki, bütün dövrlərdə təhsil sisteminin inkişafı üçün həyati əhəmiyyət daşımışdır. Ölkəmizdə dərslik siyasəti dünya təcrübəsinə əsaslanaraq təkmilləşdirilmiş və müasirləşdirilmişdir. Buna baxmayaraq, dərsliklərin hazırlanması prosesində hələ də bəzi çatışmazlıqlar mövcuddur. Bu çatışmazlıqların bəziləri keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsasən aşkar olunmuşdur. Müəyyən olunan çatışmazlıqları aradan qaldırmaq və təhsilimizi beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə “Ehtiyat dərslik” ideyası gündəmə gətirilmişdir. Məqalədə ehtiyat dərslik komplektlərinin hazırlanması, onların tətbiqi və effektivliyinin qiymətləndirilmə prosesi əks olunur. Ehtiyat dərsliklərin tətbiq edildiyi birinci sinif şagirdlərinin qiymətləndirmə tədqiqatındakı göstəricilərinin yüksək olması həmin dərsliklərin kütləvi istifadəsinə zəmin yaratmışdır.

 

Dünya inkişaf etdikcə yüksək təfəkkür mədəniyyəti formalaşdırmaq məsələsi bütün cəmiyyətlərdə prioritet sahəyə çevrildiyi üçün təhsil müasir dövrdə insan həyatının ən önəmli mərhələsi hesab olunur. Müasir dünyanın tələblərini nəzərə alaraq, şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi üçün təhsilin ən aşağı pillələrindən başlayaraq sistemli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin ən əhəmiyyətli hissələrindən biri də dərslik siyasətidir.

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya təcrübəsinə əsaslanaraq təhsilin məzmununda sistemli islahatlar həyata keçirildi. 2008/2009-cu dərs ilindən I siniflərdə yeni təhsil proqramlarına (fənn kurikulumlarına) uyğun hazırlanmış dərslik komplektlərinin tətbiqi həmin istiqamətdə aparılan islahatlardan biridir. Keçirilən islahatlara baxmayaq, dərsliklərlə bağlı hələ də bəzi problemlər öz aktuallığını saxlayır. Bunlardan biri təhsil proqramları ilə dərsliklər arasında uyğunsuzluğun olmasıdır. Yəni dərsliklər nə qədər təkmilləşdirilsə də, hələ təhsil proqramını tam əhatə etmir. Bu da təhsilin öz məqsədlərinə çatmasına maneə törədir. Dərsliklərlə bağlı meydana çıxan bu çətinliklər isə ardıcıl olaraq digər problemlərə səbəb olur. Dərslik təhsil proqramlarının məzmununu ehtiva edən əsas vasitə hesab olunduğu üçün cəmiyyət şagirdlərin bütün nailiyyətlərini və uğursuzluqlarını birbaşa dərsliklərlə əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, təhsilə təsir edən tək amil dərslik deyil. Şagirdlərin nəticələrinə yalnız dərsliklər deyil, eyni zamanda müəllimlər, valideynlər, məktəb mühiti, sosial-psixoloji amillər də təsir edə bilər.

 

Şagirdlərin təhsil nailiyyətlərinə təsir edən amillər çoxdur, lakin bu məqalədə dərsliklərin effektivliyi barədə danışıldığı üçün dərslik amili əsas götürülür. Digər məsələ isə dərsliklərin hazırlandıqdan sonra sınaqdan keçirilməməsidir. Təhsil Nazirliyi tərəfindən dərsliklərin xüsusi meyarlar əsasında qiymətləndirilməsinə baxmayaraq onların sinif mühitində də sınaqdan keçirilməsi vacib hesab olunur. Çünki bu halda istifadə zamanı yarana biləcək problemlər üzə çıxır.

 

Yuxarıda qeyd olunan problemlər ehtiyat dərsliklərin tətbiqinə zərurəti artırmış və nəticədə ehtiyat dərslik komplektləri hazırlanmışdır.

 

Ehtiyat dərslik

 

Nazirlər Kabinetinin 2017-ci il tarixli müvafiq qərarı ilə ibtidai siniflər üçün riyaziyyat və Azərbaycan dili fənləri üzrə ehtiyat dərslikkomplektlərinin (dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait) hazırlanması prosesinə başlanılmış və effektivliyi qiymətləndirilmişdir.

 

Ehtiyat dərsliklər 3 mərhələli müsabiqə əsasında seçilmiş müəllim və müəllif heyəti tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir. Aydındır ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Ona görə də ölkəmizdə ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi prosesi həyata keçirilmişdir.

 

Ehtiyat dərslik vəsaitləri hazır olduqdan sonra respublika üzrə təsadüfi yolla seçilmiş məktəblərdə sınaq təşkil edilmişdir. Dərsliklərin effektivliyini qiymətləndirmək məqsədilə tədqiqatın aparılması üçün eyni məktəbin ənənəvi və ehtiyat dərsliklərin tədris olunduğu siniflərində eksperiment aparılmışdır. Sınaqda iştirak edən şagirdlər ölkənin bütün şagird kateqoriyalarını əhatə etməklə reprezentativ seçim əsasında müəyyən olunmuşdur. Ümumillikdə, ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə etməklə 97 məktəbin 123 birinci sinfində 3244 şagirdin təhsili ehtiyat dərslik komplekti əsasında təşkil edilmişdir.

 

Sınaq zamanı müxtəlif monitorinqlər keçirilmiş, müəllimlərin dərs müddətində rəyləri öyrənilmiş və nəticələrə əsasən dərslik vəsaitinə müvafiq düzəlişlər olunmuşdur. Tədris ilinin sonunda ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi üçün tədqiqat aparılmışdır.

 

Ölkə üzrə təsadüfi seçimlə müəyyən edilmiş 97 məktəbdən 51-də ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi təşkil olunmuşdur. Tədqiqatda eyni məktəbin həm ehtiyat dərslik, həm də ənənəvi dərslik istifadə etmiş şagirdləri iştirak etmişdir. Bu məqsədlə şagirdlər kontrol və eksperiment qrupları üzrə bölünmüşdür. Kontrol qrupa ənənəvi, eksperiment qrupa isə ehtiyat dərslik əsasında təhsil almış şagirdlər daxil edilmişdir. Tədqiqatda ehtiyat dərslikdən istifadə üzrə 53% oğlan, 47% qızdan ibarət, ümumilikdə 1266, ənənəvi dərslikdən istifadə üzrə isə 53% oğlan və 47% qız olmaqla 1272 şagird iştirak etmişdir.Tədqiqat məktəbin bütün siniflərində deyil, təsadüfi seçilmiş konkret siniflərində həyata keçirilmişdir.

 

Sınaq prosesində məlumatların toplanması üçün Azərbaycan dili və riyaziyyatın müəyyən edilmiş məzmun xətləri üzrə müvafiq kitabçalar hazırlanmışdır. Azərbaycan dili fənni üzrə 2 kitabça (Oxu və yazı; Dil qaydaları) və riyaziyyat fənni üzrə 5 kitabça (Ədədlər və əməllər; Cəbr və funksiyalar; Həndəsə və ölçmə; Statistika və ehtimal) paylanmışdır.

 

Riyaziyyat fənninə aid beşinci kitabça yalnız ehtiyat dərslik üzrə təhsil alan şagirdlərə təqdim olunmuşdur. Hazırlanan 6 kitabçada (2 Azərbaycan dili və 4 riyaziyyat) şagirdlərin cavablandırılması üçün 15 sual qeyd olunmuş və hər bir sualın növündən asılı olaraq maksimum ballar müəyyən edilmişdir. Riyaziyyat üzrə beşinci sual kitabçası üçün isə 11 sual hazırlanmışdır.

 

Tədqiqatın nəticələri

 

Aparılan tədqiqat göstərir ki, ehtiyat dərsliklərdən istifadə etmiş şagirdlərin riyaziyyat və Azərbaycan dili fənləri üzrə topladıqları orta bal göstəricisi ənənəvi dərsliklərdən istifadə etmiş şagirdlərin topladıqları orta bal göstəricisindən yüksəkdir. Növbəti bölmələrdə hər fənn üzrə nəticələr analiz olunmuşdur.

 

Azərbaycan dili üzrə nəticələr

 

Azərbaycan dilinin hər iki məzmun xətti üzrə nəticələr sübut edir ki, ehtiyat dərslik istifadə etmiş şagirdlər həmin məzmun xətləri əsas tutularaq hazırlanmış suallara daha yaxşı cavab vermişlər (Diaqram 1).

 

 

Diaqram 2-də isə Azərbaycan dili fənni üzrə tədqiqatın regional göstəriciləri əks olunmuşdur. Belə ki, ümumi respublika üzrə Azərbaycan dili fənnindən ehtiyat dərslik komplektindən istifadə etmiş şagirdlərin topladığı orta bal 68.9 olduğu halda, ənənəvi dərslik komplektindən istifadə etmiş şagirdlərin orta göstəriciləri bir qədər az, 59.3-dür. Bakı və regionlardakı məktəblərdə ayrı-ayrılıqda da Azərbaycan dili fənnindən şagirdlərin topladığı orta bal ehtiyat dərsliklər üzrə daha çoxdur. Bakıda təhsil alan şagirdlərin ehtiyat dərslik və ənənəvi dərslik üzrə topladıqları orta bal müvafiq olaraq 76.6 və 70, regionlarda isə müvafiq olaraq 58.5 və 44-dür. Şagirdlərin Bakı və digər regionlarda ehtiyat dərsliklər və ənənəvi dərsliklər üzrə topladıqları bal fərqinin statistik cəhətdən əhəmiyyətli olduğunu qeyd etmək lazımdır. Ona görə də bu nəticəyə gəlmək olar ki, Azərbaycan dili fənni üzrə hazırlanmış ehtiyat dərsliklər ölkə üzrə 1-ci sinif şagirlərinin istifadəsi üçün uyğundur.

 

Diaqram 2. Azərbaycan dili üzrə regional göstəricilər.

 

 

 

 

Riyaziyyat üzrə nəticələr

 

Ehtiyat dərslikdən istifadə edən şagirdlərin riyaziyyat üzrə orta bal göstəriciləri ənənəvi dərslik istifadə edənlərdən yüksək olmuşdur. Bu fənnin məzmun xətləri və standartları üzrə nəticələrə əsasən Cəbr və funksiyalar, statistika və ehtimal bölmələri üzrə şagirdlərin nəticəsi göstərir ki, ehtiyat dərslik komplektindən istifadə zamanı şagirdlərin bu bölmələri mənimsəməsi daha yüksəkdir (Diaqram 3).

 

Diaqram 3. Riyaziyyatın məzmun xətləri üzrə göstəricilər.

 

 

 

 

 

Riyaziyyat fənninin regionlar üzrə nəticələrinə nəzər saldıqda aydın olur ki, respublikada ehtiyat və ənənəvi dərsliklərdən istifadə edən şagirdlərin orta balları müvafiq olaraq 72.7 və 71.1 bal təşkil edir (diaqram 4). Ehtiyat və ənənəvi dərsliklər üzrə təhsil alan Bakı məktəblilərinin tədqiqat zamanı topladıqları ballar arasındakı fərq 5.68 təşkil edir. Digər regionlardakı şagirdlərin ehtiyat və ənənəvi dərsliklər üzrə topladıqları orta bal da Bakı şəhəri üzrə əldə edilən nəticəni inkar etmir. Belə ki, ehtiyat dərslik üzrə orta bal 53.8 olduğu halda, ənənəvi dərslik üzrə toplanan orta bal 44.8-dir.

 

Diaqram 4. Riyaziyyat üzrə göstəricilər

Tədqiqat gostərir ki, ehtiyat dərslik komplektlərinin tədris prosesindəki effektivliyi ənənəvi dərslik komplektləri ilə müqayisədə daha yüksəkdir. Qiymətləndirilmə tədqiqatı başa çatdıqdan və kütləvi istifadəyə qərar verildikdən sonra artıq digər siniflər üzrə də ehtiyat dərslik komplektinin hazırlanması prosesinə başlanılmışdır.

 

 

 

Nəticə və tövsiyələr

 

Ehtiyat dərsliklərin effektivliyini qiymətləndirmək üçün həyata keçirilən tədqiqatın nəticələrindən məlum olur ki, qeyd olunan dərsliklərdən istifadə edən şagirdlərin mənimsəmə göstəriciləri daha yüksəkdir. Bu isə həmin komplektlərin kütləvi istifadəsinə şərait yaradır.

 

Lakin sınaq zamanı məzmun standartları üzrə nəticələrdəki fərq bütün suallar üzrə statistik cəhətdən əhəmiyyətli deyil. Bu, yalnız dərslik komplektinin məzmunu ilə deyil, həmçinin tədris prosesində müəllimlərin qarşılaşdıqları çətinliklərlə və şagirdlərin sosial-iqtisadi vəziyyəti ilə əlaqəli ola bilir. Həmin istiqamətdə müvafiq tədbirlər görülməsi də ehtiyat dərslik komplektinin tətbiqi zamanı qarşıya qoyulan məqsədə çatılması prosesini sürətləndirəcək. Beləliklə, ölkəmizdə dərslik siyasəti ilə bağlı atılan bu yeni addım təhsil sistemi qarşıya qoyulmuş məqsədlərə çatmaqda və bu sahədə yaranmış vacib problemlərin həll olunmasında mühüm addım hesab oluna bilər.

 

İzzət BABAYEVA,

Təhsil İnstitutu, Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin mütəxəssisi