Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 13:36:00
Dövlət İmtahan Mərkəzi və “Pearson VUE” təşkilatı birgə seminar keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) və “Pearson VUE” təşkilatı birlikdə “PTE Academic ilə tanışlıq” adlı onlayn seminar keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, seminar “Zoom” platforması vasitəsilə ingilis dilində təşkil olunub. Tədbirə ingilis dili müəllimləri və ingilis dilini öyrənmək, bacarıqlarını qiymətləndirmək istəyən 40 nəfər qoşulub.
Seminarın məqsədi namizədlərin gələcək təhsil həyatında akademik ingilis dili testinin (PTE Academic/PTE A) rolu haqqında məlumat vermək və imtahanlara hazırlıq barədə iştirakçıları məlumatlandırmaq olub. Seminarda təqdimatla çıxış edən “Pearson VUE” təşkilatının nümayəndəsi, müəllimlərin təlimi və qiymətləndirmə üzrə böyük məsləhətçi Bartłomiej Janiak “PTE Academic” imtahanı haqqında ətraflı məlumat verib, test tapşırıqlarının strukturu, tədris vəsaitləri, ingilis dilini öyrənmək üçün əlavə materialların seçilməsinə dair tövsiyələr, həmçinin müəllim və tələbələrin istifadə edə biləcəyi yararlı internet resursları barədə məsələlərə toxunub.
Seminar iştirakçıların “PTE Academic” imtahanlarına dair suallarının cavablandırılması ilə yekunlaşıb.

Xatırladaq ki, Böyük Britaniya və Avstraliya hökumətləri, həmçinin dünyada minlərlə ali təhsil müəssisəsi tərəfindən tanınan “PTE Academic” imtahanı namizədin universitet, peşə və digər məqsədlərinə uyğun olaraq zəruri ingilis dili biliklərini ən etibarlı və qərəzsiz yoxlayan testlərdən biri hesab olunur. Test imtahanını istənilən yaş kateqoriyasından olan namizədlər verə bilər və imtahanın nəticələri iki gün ərzində iştirakçılara təqdim edilir.
DİM-də keçirilən “PTE Academic” imtahanı ilə bağlı ətraflı məlumatı Mərkəzin saytından əldə etmək mümkündür.