Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 16:05:00
Lənkəran Dövlət Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO  

Lənkəran Dövlət Universiteti (LDU)  Elmi şurasının   növbədənkənar islası rektor təqdimatı ilə yaddaqalan olub. "Microsoft Teams" platforması üzərindən keçirilən Elmi şuranın iclasında  Təhsil nazirinin müavini Firudun Qurbanov da iştirak edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, iclası Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və təqdimat üçün sözü Firudun Qurbanova verib.  F.Qurbanov   N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  23 aprel  2021-ci il Sərəncamını Elmi şura üzvlərinin diqqətinə çatdırıb. Təhsil naziri Emin Əmrullayevin adından Natiq İbrahimovu yüksək etimada –Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi münasibətilə   təbrik edərək ona  çətin və məsuliyyətli işində uğurlar arzu edən F.Qurbanov N. İbrahimovun bu ali təhsil ocağına rəhbərlik etdiyi  5 il müddətində LDU-ya dəfələrlə səfər etdiyini , universitetdə müsbət istiqamətdə baş verən yenilklərdən razı qaldığını, rektor əvəzinin  ona tapşırılan işin öhdəsindən bu müddət ərzində  bacarıqla gəldiyini,sağlam kollektiv formalaşdırdığını deyib, onun tərcümeyi halı ilə şura üzvlərini tanış edib.

 

Son 5 il ərzində LDU-da tələbə kontigentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris prosesinin keyfiyyətcə yaxşılaşdığını faktlar əsasında şərh edən  Təhsil nazirliyinin rəsmisi yeni tədris korpuslarının, tələbə yataqxanasının, tələbə yeməkxanasının inşa edilərək istifadəyə verilməsini, turizm-tədris bazasının , yardımçı təsərrüfatın yaradılmasını, xaricdən yeni laboratoriyaların alınmasını, kənardan dəvət edilən müəllimlər üçün xidməti evlərin inşasını yüksək dəyərləndirib. Bildirib ki, görülən bu işlər tədris prosesinə müsbət təsirini göstərib və kadr hazırlığının səviyyəsi artıb. LDU-da respublika və Beynəlxalq Elmi konfranslar keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi  də müsbət hal kimi dəyərləndirilib.

 

F.Qurbanov cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU-nun regionun inkişafında mühüm rol oynadığından da geniş söz açıb, yaradılan texno-parkların ixtisaslı kadrlarla təminatının  bu ali təhsil ocağının üzərinə böyük vəzifələr qoyduğundan, nəzəri-praktik biliklərin vəhdətdə tədrisindən danışıb.

 

44 gün davam edən və xalqımızın qələbəsi ilə bitən Vətən müharibəsindən söz açan nazir müavini işğaldan azad olunmuş rayonların bərpasında iştirak etməyi hər bir azərbaycanlının vətəndaşlıq borcu sayıb, əsrin, zamanın tələblərinə cavab verən savadlı, eyni zamanda  vətənpərvər kadrların hazırlanmasını universitetlərin, professor-müəllim heyətlərinin əsas vəzifəsi hesab etdiyini deyib, bildirib ki, ali təhsil ocaqları  bundan sonrakı fəaliyyətlərində regionun tələbatını nəzərə almaqla kadr hazırlığına üstünlük verməlidirlər.

 

Təhsil nazirinin müavini Firudun Qurbanov  çıxışında Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğlu, baş leytenant Vüsal Kazımovun Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq  şəhid olmasından da söz açıb, belə vətənpərvər övlad böyütdüyünə görə  şəhid atasına  minnətdarlıq edib.Nazirlik rəsmisi mövcud pandemiya ilə bağlı vaksinləşmə prosesindən  danışarkən   təhlükəsizlik tədbirlərinin davam etdirilməsinin vacibliyini  tövsiyyə edib.

 

Elmi şura üzvləri adından çıxış edən Kamran Kazımov Natiq İbrahimovun rəhbərliyi altında son 5 ildə LDU-da görülən çox miqyaslı işlərdən, onun  işə yaradıcı yanaşmasından, sağlam , şəffaf  təhsil mühit formalaşdırmasından , kollektivlə işləmək bacarığından danışıb, ölkə başçısına bu təyinata görə bütün kollektiv adından  minnətdarlıq edib. Bildirib ki,  LDU kollektivi bu təyinatdan çox sevinclidir və bundan sonra işlər daha böyük həvəslə davam etdiriləcək.

 

Elmi şuranın iclasını  yekunlaşdıran  Natiq İbrahimov  yüksək etimada görə ölkə başçısı cənab İlham Əliyevə və Təhsil nazirliyinin rəsmilərinə minnətdarlığını bildirib, onu dəstəkləyən kollektivin üzvlərinə təşəkkür edib və bunu əməli işi ilə doğruldacağını bildirib.