Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 12:37:00
Kaman İmanov: Dövlətimizin başçısı bizə qalib xalq düşüncələrini bəxş etdi, başucalığı gətirdi və xoşbəxt etdi

Gözümüz önündə rəşadətli ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi.

 

Belə də olmalıdır, çünki bizim işimiz haqq işidir, tarixi ədalətin bərpasıdır. Erməni düşüncəsindəki mümkünsüz olanı Azərbaycan dövləti bacardı və bununla dünya tarixi dərsliklərinə bir səhifə kimi düşəcək parlaq nümunə yaratdı. Yaşadığımız tarixi dövr – miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda çıxışında söyləyib. Kamran İmanov deyib: “Qeyd edilməlidir ki, məkrli planlara görə, erməni dövlətində yeganə millət olaraq qalan və yaşayan etnosun şüuru millətçilik dumanına bürünərək bəhrələr gətirməli idi. Çünki saxta mifologemlərlə razılaşmayanların etiraz səsi çıxmır, digər etnosların etiraz edə biləcək fikirləri səslənmir, heç bir etiraz dalğası formalaşmır. Nəticədə siyasi mifologiya zəfər çalır, hay-erməni dünya etnik mənzərəsini müəyyən edir, erməni etnosunun zahiri reallıqları dərk etməsini və davranış mexanizmlərini formalaşdırır. Süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar xalqın şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququ, yəni müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilir. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.

Lakin siyasi folklor, uydurulmuş dünya mənzərəsi yalnız daxili istehlaka yönələrək işləsə də, kağızdakı uydurma nəzəri tezislərə, həqiqətdən uzaq, feyk növlü saxtalaşdırmalara, çoxlu sayda yalançı kitab və çıxışlara əsaslanaraq qurulsa da, həqiqi həyatla qarşılaşdığı halda acı nəticələrə gətirib çıxarır. Miflər dağılır, reallıq üzə çıxır.

Bugünkü möhtəşəm tarixi zəfərimizin nəticəsi uydurmaların dağıdılmasıdır. Bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir. Bu miflə yanaşı, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıldı. Və nəhayət, “əzabkeşliyə hazır olan, özünü fəda və qurban edən xalqın” mifi də puç oldu, çünki 10 mindən artıq fərarisi olan millət 30 il əvvəl işğal edilmiş torpaqları qorumağa qadir deyildi.

 

Bu miflərin dağılması və dediklərimizin təsdiqi yalnız yenilməz sərkərdə, Ali Baş Komandan kimi deyil, ümumiyyətlə Azərbaycanın lideri İlham Əliyevin məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasındadır.

 

Təsadüfi deyil ki, görkəmli filosof-maarifçi J.J.Russonun dediyi kimi, “bacarıqsız əllərdə olan hakimiyyətdən təhlükəli şey yoxdur”. Çünki belə hakimiyyət təcəssüm etdiyi ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə, faydasız və dayanıqsız olur. Çünki həyat göstərdiyi kimi, bu növ rəhbərlərin səhvlərinin acı nəticələrini millət çəkir və millət ödəməli olur. Tarix və gerçəklik göstərdiyi kimi, rəhbərin xüsusi məsuliyyət daşıyıcısı olması dövlətin taleyinin onun çiynində olmasından irəli gəlir. Çünki dövlət başçısı ölkəni irəli aparmaq üçün hər zaman düzgün qərar qəbul etməklə, ölkəni idarə etməlidir və bu qabiliyyət isə seçmək qabiliyyətidir, gələcəyi görmək qabiliyyətidir. Bu qabiliyyət siyasət və hüququn kəsişməsindən irəli gəlir. Dövlətimizin başçısı bizə qalib xalq düşüncələrini bəxş etdi, başucalığı gətirdi və xoşbəxt etdi”.

 

Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən vebinar 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil olunub.