Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 10:48:00
Pandemiya dövründə kitab alıcıları çoxalıb

Texnika və müasir texnologiyanın oxucu kütləsinə təsiri danılmazdır. Lakin kitab hər zaman öz oxucusunu tapır. Bilik mənbəyi olan kitabı indi ucqar kəndlərdəki kitabxanalarda, kitab evlərində asanlıqla əldə etmək olur. Pandemiya dövründə isə bölgələrdə kitab oxuyanların sayı daha da artıb.

 Qazaxda da oxucuların üz tutduqları ünvanlar var. Həmin məkanlara türk və ingilisdilli xarici ədəbiyyatlar da gətirilir. O ki qaldı kitabların alıcılarının olub-olmamasına və pandemiyanın təsirinə, kitab satıcısı Elşad Cəfərov bu dövrdə alıcıların kifayət qədər olduğunu deyir: “Mən deyərdim ki, pandemiya dövründə kitabların satışı artmağa başlayıb. Evdə boş vaxt olur, ona görə mütaliə edənlər kitabları tez-tez oxuyub başa çatdırırlar. Yeni sifarişlərimiz də gəlir”.
Kitab satışı mağazasından gün ərzində 10-15 nəfər kitab alırdısa, pandemiya dövründə alıcıların sayı təxminən 30 faiz artıb. Rayonun paytaxtdan uzaqda olmasına baxmayaraq, yeni nəşrlər də gətirilir. Oxucular da pandemiya dövründə evdə asudə vaxtdan səmərəli istifadə etməyə, mütaliəyə üstünlük verirlər. Hətta özü üçün proqram tutub kitabları kateqoriya üzrə oxuyanlar da var.

“Uzun müddətdir ki, pandemiya dövründə yaşayırıq. Asudə vaxtlarımız olur. Bunu nəzərə alaraq mütaliəyə üstünlük vermişəm. Əvvəl gənc yazarların şerlərini mütaliə edirdim. Sonra isə bədii əsərlərə üstünlük verdim. Bu gün də bu kitab evindən Dostayevskinin “Cinayət və cəza” romanını götürmüşəm. Əvvəllər bəziləri kitab oxumamağı vaxtının olmaması ilə əlaqələndirirdilər. Məncə indi, pandemiya dövründə kifayət qədər vaxtımız var”, – deyə rayon sakini Yusif Qoca əlavə edib.
Qazax rayon Mərkəzləşmiş Kitabxana Sistemində də pandemiyadan qabaq oxucu zallarında oxucular olurdu. İndi məlum səbəbdən bu zallar fəaliyyət göstərmir. Lakin kitabxananın zəngin fondundan oxucular yararlana bilirlər.

Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı deyib: “Əlbəttə, pandemiyanın bizim kitabxananın fəaliyyətinə də təsiri olub. İşçilərimizin 30 faizi işə cəlb edilib. Oxucuların da əksəriyyəti onlayn formada kitablardan istifadə edirlər. Az sayda, lazım olanda gəlib xidmət şöbəsindən kitab götürürlər. Rayonda fəaliyyət göstərən universitet və kollecin tələbələri də kitablardan istifadə edirlər. Tədbirlərimiz də onlayn formada keçirilir. Ay ərzində 300-400 oxucu kitabxanamızdan onlayn və fərdi qaydada istifadə edir”.
Qazaxdakı kitab evində satışı həyata keçirilən kitablar oxucuların istəyinə əsasən evlərə poçtla da göndərilir. Kitab evində satılan kitabların qiyməti pandemiyadan əvvəl hansı qiymətə təyin edilmişdisə, indi də eyni qiymətə satılır. Bu sahədə qiymət artımı müşahidə edilmir.

Rayon oxucularının yerli yazarlarımızın, əsasən dedektiv janrında olan əsərlərinə, türk yazarların kitablarına və son zamanlar psixoloji kitablara tələbatı çoxalıb. Xarici nəşrlərdən isə son zamanlar ingilis dilində nəşr edilən kitablara da maraq artıb.

 

AZƏRTAC