Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-04 16:12:00
Öyrənmə çətinliyi olan uşaqlara onlayn psixoloji dəstək - FOTO

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qaliblərindən biri də Neftçala rayon şəhid İ.Babayev adına tam orta məktəbin psixoloqu T.Elmirin həyata keçirdiyi “Öyrənmə şətinlikləri olan uşaqlara psixoloji dəstək:Disleksiya,disqrafiya, diskalkuliya” layihəsidir.

 

Elmir Tağıyev AzEdu.az-a bildirib ki, layihənin məqsədi öyrənmə çətinliyi olan uşaqların psixoloji reabilitasiyasında korreksiyaedici və inkişafetdirici istiqaməti müəyyənləşdirmək; belə uşaqların pedaqoji prosesdə sosial reabilitasiyası üzrə işin təşkili yollarını göstərmək; bu işdə valideynlərin köməyindən maksimum istifadə olunmasını təmin etmək; təşkil olunmuş işin səmərəliliyini yoxlamaq və tətbiqi üçün metodik baza yaratmaqdır.

 

Bu gün dünya əhalisinin hər on nəfərindən biri müxtəlif dərəcəli sağlamlıq imkanı məhdud şəxslərdir. Hazırda inkişaf etməkdə olan ölkələrin sosial siyasətinin əsasını belə insanların sosial-psixoloji reabilitasiyası və inteqrasiyasını həyata keçirmək təşkil edir. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin etmək məqsədilə inkişaf və inkluziv təlim metodlarının yaradılması nəzərdə tutulur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar içərisində kəmiyyət baxımından çoxluq təşkil edən və ümumtəhsil müəssisələrində ən çox rast gəldiyimiz öyrənmə çətinliyi olan uşaqlardır. Öyrənmə çətinliklərini isə əsasən disleksiya, diskalkuliya və disqrafiya təşkil edir.

 

Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur. Diskalkuliyası olan uşaqlar hesab bacarıqlarının əsas aspektlərini öyrənməkdə çətinlik çəkirlər. Çətinlik kəmiyyət və məkan məlumatlarının (fəza təfəkkürü, məsafə, forma) qavranılması və emalı ilə bağlıdır. Disqrafiya həm psixi fəaliyyət, həm də yazı tapşırıqlarına təsir edən bir öyrənmə pozuntusudur.

 

Öyrənmə və yazı  elə bir bacarıqdır ki, erkən müdaxilə şagirdin müvəffəqiyyət qazanması üçün ən yaxşı yoldur. Öyrənmə problemləri olan belə uşaqlarda görmə, eşitmə, kinestetik qavramanın dəstəklənməsi, hafizə və diqqətin mərkəzləşməsinin, motor-koordinasiya bacarıqlarının inkişafı, danışma, ifadə etmə səviyyəsinin artırılması üçün dil terapiyaları və bir çox fərqli yanaşmalarla vəhdət şəklində  fərdi proqramın hazırlanması lazımdır.

 

Eyni zamanda Neftçala və ona ətraf rayon ümumtəhsil məktəblərində öyrənmə çətinliyi olan uşaqların vəziyyətinin dəyərləndirilməsi və bu uşaqlara yerində ixisaslı yardımın göstərilməsindən ibarətdir. Öyrənmə çətinliyi olan belə şagirdlərin daha erkən (məktəbəqədər və ibtidai siniflərdən aşkarlanması) diaqnostika və korreksiya fəaliyyətinə cəlb edilməsi tədris fəaliyyətinin keyfiyyətinə təsiri baxımından mühüm əhəmiyyətə maikdir.

 

Layihənin icra müddəti ərzində öyrənmə çətinliyi olan uşaqların  vəziyyətinin dəyərləndirilməsi, ünsiyyət, davranış və nitqinə xas olan səciyyəvi xü­su­siy­yət­ləri aşkar etmək, psixoloji dəstək göstərmək üçün proqr işlənib hazırlandı.

 

Öyrənmə çətinliyi olan uşaqların təliməqabilliyin səviyyəsinin diaqnostikası üçün “Corrective Reading” və  “Lindamood-Bell” proqramlarından istifadə edilmişdir. Ailələrə yetərli psixoloji yardımı göstərmək məqsədilə öyrənmə çətinliyi olan uşaqların siyahısı hazırlanmış və  valideynlərindən ibarət olan  qruplar (vatsap üzərindən) yaradıldı. Eyni zamanda layihənin onlayn təşkilini təmin etmək üçün valideynlərə gərəkli təlimatlar  verildi.

 

Layihənin icrası nəzərdə tutulan ərazilərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri psixoloqlarına ilk olaraq “Disleksiya və disqrafiya” ilə bağlı  təlimlər keçildi.  Həmin psixoloqlar tərəfindən çalışdıqları məktəblərdə öyrənmə çətinlikləri olan uşaqların psixodiaqnostik prosedurdan və qiymətləndirmədən dərhal sonra adlı siyahılarını tərtib edilmişdir. Onlayn şəkildə psixokorreksiya, psixoterapiya və reabilitasiya proseslərinə cəlb edildilər.  Təlimlər Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşı, psixoloq T.Hüseynova –“Öyrənmə çətinlikləri olan uşaqlarla fərdi-psixoloji yanaşma” və “Dyslexia House” – uşaq inkişaf mərkəzinin disleksiya üzrə mütəxəssisləri – “Disleksiya, disqrafiya-növləri və iş texnikları” tərəfindən təşkil edilmişdir. Öyrənmə çətinlikləri olan uşaqlarla psixoloji iş zamanı üzgün diaqnostika və korreksiya  nəticəyönümlü və ən effektiv reabilitasiya metodlarından biridir. Distant şəkildə aparılan psixokorreksiya, öyrənmə çətinliyi yaşayan şagirdlərin özünə inam hissini artırır.

 

Layihə icrası ilə bağlı işlər hazırda da davam etdirilir. Belə ki, öyrənmə çətinlikləri kateqoriyasına daxil olan diskalkuliya-əlamətləri, diaqnostika və korreksion-reabilitasiya üzrə işlər aparılmaqdadır.