Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-07 15:17:00
Mavi gözlü valideynlərin qəhvəyi gözlü uşaqları: MELANİN PİQMENTİ, 700 NANOMETRLİK HƏSSASLIQ

Şekspirin (William Shakespeare) də dediyi kimi “Gözlər ruhun pəncərəsidir”. Bu orqanlar ən əsrarəngiz duyğu orqanlarından biridir. Əslində gözlər ətraf mühit və insan beyni arasındakı əsas “interfeys”-dir. Buna görə də insanın görməni təmin edən sisteminin fizioloji və nevroloji cəhətdən belə mürəkkəb olması təəccüblü deyil.

Çarlz Darvin (Charles Darwin) gözü həm mükəmməl, həm də mürəkkəb orqan olaraq təsvir etmişdir. Ətraf mühit haqqındakı məlumatların çoxunu gözlər vasitəsi ilə əldə edirik. Göz eyni zamanda bir insanın şəxsiyyətinə açılan bir pəncərə rolunu da oynaya bilər. Şəxsiyyət tanıma texnologiyasının tətbiqi üçün unikal xüsusiyyətlərə malikdir. Həm qüzehli qişanın (iris) çox detallı toxuması, həm də göz dibinin (fundus) damarlanma xarakteri hər bir insan üçün bənzərsizdir. Bunlar biometrik tanınma sistemlərində istifadə olunan əlamətlərdir. Biometrik metodlarda insan identifikasiyasını həyata keçirmək üçün gözlərdən istifadə yaxşı qurulmuş iris izlərini tanıma alqoritmləri və retinanın skanı daxil olmaqla köklü tarixə malikdir.

Gözümüz diametri təxminən 1 düym (25.4 mm) olan asimmetrik bir kürədir. Güzgüyə baxdıqda aşağıdakı hissələri görürük:

Qüzehli qişa (Iris)

Buynuz qişa (Cornea)

Bəbək (Pupil)

Ağlı qişa (Sclera)

Konyuktiva (Conjunctiva)

Daxili quruluşuna isə damarlı qişa, büllur (lens), şüşəyəbənzər cisim (corpus vitreum), torlu qişa (retina), görmə siniri (optic nerve) və sarı ləkə (macula) aiddir.

nsan gözünün görə biləcəyi elektromanqnit spektrin bir hissəsinə görünən işıq spektri deyilir. Gözlər 380 ilə 700 nanometr arasındakı dalğa uzunluğuna həssasdır. Gözlərimizdəki konus formalı hüceyrələr spektrin bu dar intervalındakı dalğa uzunluğuna uyğun fotoreseptor (qəbuledici) rolunu oynayır. Görünən işığın tam spektri bir prizmadan keçdikdə dalğa uzunluqları göy qurşağının rənglərinə ayrılır, çünki hər rəngin fərqli dalğa uzunluğu var. Bənövşəyi ən qısa  (380 nm), qırmızı isə ən uzun dalğa uzunluğuna (700 nm) malikdir. 

Üç növ konus hüceyrəmiz və onlara müvafiq opsinlərimiz var. Onların hər biri müəyyən dalğa uzunluğunundakı fotonlara həssaslıq göstərir. Bu konus hüceyrələri qısa, orta və uzun dalğa uzunluqları üçün S, M və L adlanır. Daha qısa dalğa uzunluqları mavi,  daha uzun dalğa uzunluqlarını isə qırmızı rəng kimi qavrayırıq. Aradakı bütün dalğa uzunluqları və onların kombinasiyaları tam kaleydoskopik göy qurşağını yaradır. 

Çoxumuz görünən spektrlə məhdudlaşsaq da, afakiya adlı bir vəziyyəti olan insanlar ultrabənövşəyi işığı görmə qabiliyyətinə malikdirlər. Afakiya büllurun olmamasıdır (anadangəlmə və ya katarakt zamanı əməliyyatla çıxarılması nəticəsində). 

Büllur normalda ultrabənövşəyi işığı bloklayır. Buna görə də bülluru olmayan insanlar görünən işıq intervalından əlavə, təxminən 300 nanometrə qədər olan dalğa uzunluqlarını mavi-ağ rəng kimi qəbul edə bilirlər.

Göz rənglərinə genetik yanaşma

Göz rəngini idarə edən əsas genlər dəri rənginə səbəb olan genlərlə sıx bağlıdır. Qədim insaların tünd qəhvəyi rəngli dəriyə, gözlərə və saçlara sahib olduqları düşünülməkdədir. Buna səbəb onların ekvatora daha yaxın ərazilərdə məskunlaşmasıdır. Birbaşa günəş işığına məruz qalma tünd rəngli genin təbii seçiminə səbəb olmuşdur. Tünd dəri rəngləri insanların daha uzun müddət yaşamasına, çoxalmasına və tünd dəri genlərini öz nəsillərinə ötürməsinə səbəb olmuşdur. Qəhvəyi gözlər hələ də dominant göz rəngləri olsa da, hal-hazırda dünyada çox müxtəlif göz rəngləri olan insanlar var.

Bəs bu göz rənglərinin müxtəlifliyi nə ilə bağlıdır?

Əksər elm adamları daha açıq göz rənginin təbii seçiminin tünd dəri tonlarının seçilməsinə olan zərurətin aradan qalxması ilə əlaqədar olduğunu düşünür. İnsanın əcdadları dünyanın müxtəlif yerlərinə köçməyə (ekvatordan  uzaqlaşmağa ) başladığında, artıq tünd dəri rənginin seçilməsi üçün təzyiq o qədər də güclü deyildi. Bunun əsas səbəbi daha yüksək enliklərdə fərqli fəsillərin mövcudluğu və ekvatorun yaxınlığında olduğu kimi birbaşa günəş işığına məruz qalınmaması idi. Seçim təzyiqi yaradan faktorların aradan qalxması genlərin mutasiya ehtimalını yüksəltdi.

XIX əsrdə antropoloqlar fiziki xüsusiyyətlərin irsi qanunuyğunluqları ilə maraqlanırdılar. 

1886-ci ildə Rudolf Virxov (Rudolf Virchow – “Hüceyrə nəzəriyyəsinin” banisi, alman alim) Almaniyada məktəbli uşaqların saçlarının və gözlərinin rənginə dair bir araşdırma nəşr etdi. O, yəhudi uşaqlarının yalnız iyirmi faizinin sarı saçlı və mavi gözlü olduqlarını, yəhudi olmayan uşaqların isə əlli faizinin sarı saçlı və mavi gözlü olduğunu müəyyən etdi. Göz rəngi ilə irsiyyət arasında açıq bir əlaqə var idi.

1889-cu ildə Fransis Qalton (Francis Galton – “Qalton qutusunu” icad etmiş statistik, ingilis alim) “Təbii irsiyyət” adlı kitabında göz rənglərinin qarışmadığını, yalnız mavi və ya qəhvəyi rəng kimi irsi olaraq keçdiyini bildirmişdir.

1907-ci ildə Mendel (Gregor Mendel – orqanizmin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən nəzəriyyənin sahibi, “genetikanın atası” hesab edilən avstriyalı bioloq) nəzəriyyəsinə yenidən maraq yaranması ilə amerikalı Davenport cütlüyü (Charles and Gertrude Davenport) göz rənginin genetikası üçün bir model hazırladılar. Qəhvəyi göz rənginin mavi göz rəngi üzərində dominant (üstün) olduğunu irəli sürdülər. Bu nəzəriyyədə deyilirdi ki, iki mavi gözlü valideynin heç vaxt qəhvəyi rəngli gözə malik uşağı ola bilməz, yalnız mavi göz rəngli uşaqları ola bilər. Sonrakı tədqiqatlar bunun heç də həmişə doğru olmadığını sübut etdi. 

İnsan hüceyrələrinin nüvəsi içərisində 46 xromosom (23 cüt) var. Döllənmə prosesində hər bir cüt xromosomumuzun yaranması üçün valideynlərdən bir xromosomu miras alırıq. Xromosomlar gen adlanan DNT (dezoksiribonuklein turşusu) parçasından ibarətdir. Cüt halında olan bu genlər inkişaf etdirəcəyimiz bir çox xüsusiyyəti müəyyənləşdirir. Bu xüsusiyyətlər dominatlıq-resessivlik yanaşması ilə formalaşır.

Göz rəngi insanın genlərindəki varyasiyaların nəticəsidir.  Göz rəngi ilə əlaqəli genlərin əksəriyyəti melanin adlı piqmentin istehsalında, daşınmasında və depolanmasında iştirak edir. Göz rəngini təyin etməyə kömək edən əsas 2 amil vardır. Birincisi gözə nə qədər işığın daxil olduğunu idarə edən qüzehli qişadan əks olunan işığın miqdarıdır. Digəri isə qüzehli qişanın melanositlərinin daxilindəki melanosomda depolanan melanin piqmentinin səviyyəsindən asılıdır. Mavi gözlərdə az sayda melanosom içərisində minimal miqdarda piqment var. Yaşıl gözlərdə bu miqdar daha çoxdur. Qəhvəyi gözlər isə çoxsaylı melanosomlarda saxlanılan yüksək melanin səviyyəsinin nəticəsidir. Bu piqmentin miqdarı genlərimiz tərəfindən təyin olunur.