Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 12:10:00
Rektor Vətən müharibəsində iştirak edən tələbələrlə görüşüb  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Azərbaycan Gəncləri Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşüb.

Bu barədə AzEdu.az-a AzTU-dan məlumat verilib. Görüşdə çıxış edən rektor bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən Vətən müharibəsində Qarabağı Ermənistanın işğalından azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu şanlı qələbədə AzTU-nun tələbə və məzunlarının rolunun olması qürurvericidir. Tələbələrimizin təhsillərini dondurub Vətən uğrunda döyüşə getməsi isə universitetdə vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir.

Rektor qeyd edib ki, AzTU-nun tələbələri müxtəlif illərdə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüblər. Universitetin Vətən müharibəsində iştirak edən tələbə və məzunları arasında 26 nəfər şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində gənclər yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Şuşaya səfəri zamanı şanlı qələbəmizin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb.

“Mən hər zaman deyirəm ki, siz tələbələr bu universitetin sahiblərisiniz. Artıq siz qalib ölkənin tələbələrisiniz. Bundan sonra sizin təhsil sahəsində də uğur qazanmağınız istiqamətində universitet səylərini əsirgəməyəcək. Çünki Azərbaycanın gələcəyi siz gənclərin əlindədir. Siz qalib ölkənin savadlı gəncləri kimi yetişməli və gələcək nəsillərə öz biliklərinizi ötürməlisiniz”, - deyə rektor əlavə edib.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanıb və bunun əsasında müxtəlif layihələr həyata keçirilir.