Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-31 13:44:00
“Tanıyaq tanıtdıraq” layihəsinin həyata keçirilməsi davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV  qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Tanıyaq tanıtdıraq” layihəsinin həyata keçirilməsi davam edir. Layihənin məqsədi Oğuz rayonunun şəhər mərkəzində və kəndlərdə olan məktəblərin 5-11-ci sinif şagirdlərini əlaqələndirici müəllimlərin köməkliyi ilə araşdırma işlərinə cəlb etmək, şagirdlərin və müəllimlərin iştirakı ilə “kiçik tədqiqatçılar” qrupu yaratmaq, şagirdləri Birinci Qarabağ müharibəsi şəhidləri, vətən torpaqları uğrunda canından keçən övladlarımızın keçdiyi döyüş  yolu ilə bağlı araşdırma tapşırıqlarına cəlb etmək, canını torpaqlarımız uğrunda fəda etmiş oğullarımızın,  şəhidlərimizin və onların ailələrinin şagirdlərə tanıtdırmaqdan ibarətdir. Bu işdə ən böyük köməkliyi şəhid ailələrinin üzvləri edir. Onlar şəhidlər haqqında məlumatları şagirdlərə çatdırır, bəzən şəhidlərin məktubları, şəxsi əşyalarını, şəkillərini bölüşür, bu da şagirdlərimizdə böyük maraq oyadır.

AzEdu.az xəbər verir ki, layihənin rəhbəri Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimovadır. Mövcud şərait-pandemiya ilə əlaqədar olaraq layihələr online həyata keçirilir. Sentyabrın 25-də layihənin açılış mərasimi keçirilib. Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, təhsil şöbəsinin əməkdaşları, Heydər Əliyev və Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak edib. 27 sentyabrda başlanan Vətən müharibəsi ilə əlaqədar  internet üzərindəki məhdudiyyətlərə görə layihənin keçirilməsinə bir qədər ara verilsə də Noyabrın əvvəllərindən çətinliklərə baxmayaraq layihə öz işini davam etdirir.   Layihə çərçivəsində həyata keçirilən təlimlərə məktəblərdə yaradılmış “kiçik tədqiqatçılar” qrupları, əlaqələndirici müəllimlər, şəhid ailələrinin nümayəndələri qatılırlar. Təlimlərdə  Birinci Qarabağ və Vətən müharibəsi haqqında geniş məlumat verilir, şəhid qəhrəmanlarımız haqqında şagirdlərin topladıqları məlumatlar bir-birlərinə ötürülür. Qeyd edək ki, layihə Birinci Qarabağ müharibəsi şəhidlərinin tanıdılmasına həsr olunsa da məktəblilər İkinci Qarabağ Vətən müharibəsində əsgərlərimizin şücaətindən, şəhidlərimizin qəhrəmanlığından həvəslə bildiklərini paylaşırlar.

Təlimlər xüsusi ilə şəhid adını daşıyan məktəbləri cəlb etməklə keçirilir. Lakin təlimlərə digər məktəblərin şagirdləri və qonaqlar da həvəslə qatılırlar. Noyabrın 15-nə kimi Oğuz şəhərindəki H. Babayev adına 1 nömrəli, E. Abdullayev adına 2 nömrəli məktəb, 3 nömrəli məktəb-lisey, Əmrah Nəbiyev adına Tərkeş kənd orta məktəb, A. Əliyev adına Padar kənd tam orta məktəb, E. Hüseynov adına Ərmənət kənd tam orta məktəb, V. İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəblə baş tutmuşdur.Təlimlər davam edir.  Toplanılan məlumatlar əsasında sayt və kitab hazırlanıb, rayon ictimaiyyətinə təqdim olunacaqdır. Məktəblilər, şəhid ailələri bu layihəyə günümüzlə səsləşən layihə deyirlər. Ümid edirik ki, mövcud çətinliklərə rəğmən öhdəsindən uğurla gələcəyik.