Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 14:46:00
Kənd müəllimi AzEdu-ya YAZDI: “Məktəbdə linqafon yoxdursa, bunun imtahanda tətbiqi nə dərəcədə ədalətlidir?”

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Bu dəfəki yazı AzEdu.az və "Gənc müəllim" şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən  "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, Ağcabədi rayon Taxtakörpü qəsəbə tam orta məktəbində ingilis dili müəllimi Şəbnəm Uğurluya aiddir.

AzEdu.az yazını təqdim edir:

Salam...

Sizə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsindən yazıram. Mən 2012-ci ildən burada köçkün yurddaşlarıma könüllü olaraq xidmət edirəm. Şagirdlərlə çalışmaq, onları öyrətmək və başqa bir dildə danışmalarına şahid olmaq mükəmməldir, lakin çatışmayan çox şey var...

Əgər ümumtəhsil məktəbləri metodiki texnoloji vasitələrlə təmin edilməyibsə, məktəbdə linqafon yoxdursa, bunun imtahanda tətbiqi nə dərəcədə ədalətlidir?

Təhsil metodumuz kurikulumun müasir tələblərindən istifadə etmək üçün, yeni-yeni vasitələr, elektron avadanlıqlar lazımdır. Məndən asılı olan bütün tələbləri yerinə yetirsəm də, icrası məndən asılı olmayan tələblər də çoxdur. Məsələn, mən xarici dil (ingilis dili) tədris edirəm. Anamın dediyinə görə, 26 il əvvəl Laçında məktəblərdə xarici dillərin tədrisi üçün  “linqafon otağı” var imiş. Şagirdlərimə sözü necə tələffüz etsəm də, dili dil daşıyıcısından eşitmələri onların birbaşa tələffüzlərinə də, danışıqlarına da təsir göstərir. Bizdə bu cür avadanlıqlar olmadığından, çox çətinlik çəkirəm. Deyirlər ki, kurikulum ilə təhsil alan şagirdlərin qəbul imtahanında, şagirdlərin dinləmə bacarıqları yoxlanılacaq. Əgər ümumtəhsil məktəbləri bu cür metodik texnoloji  vasitələrlə təmin edilməyibsə, məktəbdə linqafon yoxdursa, bunun imtahanda tətbiqi nə dərəcədə ədalətlidir?

Bu kənddə hələ də internetdən anlayışı olmayan uşaqlar və valideynlər var...

Nəzərinizə çatdırım ki, bu dinləmələri internet vasitəsi ilə kompüterdə həyata keçirmək də mümkündür. Lakin bunu reallaşdırmaq üçün həm internet, həm də kompüter lazımdır. XXI əsrdə burada internetdən anlayışı olmayan uşaqlar və valideynlər var. Çox istərdim ki, onlar da gec olmadan bu əsrin texnologiya əsri olduğunu bilsinlər.

Şagirdlər qaloş geyinirdi...

Mən 5 il (2012 – 2017) Ağcabədidə məcburi köçkünlərin yerləşdiyi Vağazin obasındakı məktəbdə çalışmışam, orada qışı odun sobası ilə isinirdik. Yayda isə istidən kitabı belə əldə tutmaq olmurdu. Yağış yağanda uşaqlar məktəbə dizəcən palçıqla gəlirdilər. Evdən nə qədər tez çıxsalar da, yol şəraitinin çətinliyi səbəbindən dərsə gecikirdilər. Əksər uşaqlar qaloş geyinirdi. Çox pis olurdum. Bunu bir çox yazılarımda , hətta efirdə də qeyd etmişəm, təəssüf ki, müraciətim nəticəsiz qalıb , lazımi orqanlar bunun üçün heç bir tədbir görməyiblər. Sinifdə döşəmənin arasında hər cür böcək olurdu. Köhnə çöl divarından qamışlar bitən məktəb binası çox acınacaqlı vəziyyətdə idi.

Bir dəfə məktəbdə şagirdlərimə kinoteatrdan danışdım. Onların kinoteatrdan belə anlayışları yox idi. Bu, çox məyusedici idi. Onları aparacaq bir kinoteatrın belə olmaması mənə pis təsir edirdi. Sağolsunlar, Laçın Rayon Təhsil Şöbəsi, öz akt zallarını proyektorla birgə bizim ixtiyarımıza buraxdı. Onlara gözəl bir film hazırladım, şagirdlərimin kinoteatr sevincini sizə təsəvvür etməkdə aciz qalıram.

Tabaşirin tozunu nəfəsimizə çəkib, üstəlik yazıları silməyə vaxt sərf edə- edə, hansı müasir təhsildən danışa bilərik?

Qlobal çirklənmə ilə mübarizə aparıldığı bu dövrdə tabaşir əsrini artıq geridə qoymağı arzu edirəm. Biz tabaşirin tozunu nəfəsimizə çəkə - çəkə, yazıları silməyə vaxt sərf edə- edə, hansı müasir təhsildən danışaq? Bu, həm sağlamlığımıza ziyandır, həm də zamanımızı alan bir vasitədir.  Elektron lövhə olsaydı, şagirdlərimlə yeni metodları çox gözəl tətbiq edərdik. Böyük ekranda rəngli şəkildə keçirilən mövzulara uyğun maraqlı izah formaları  və s. yararlana bilərdik. Ən əsası isə şagirdlərin elektron lövhədən anlayışları olardı...

Elektron lövhəni qoyuram bir kənara, ən azından bu tabaşir ilə olan lövhələr markerli ağ lövhələr ilə əvəz edilsə, rayon, kənd anlayışı yığışdırılıb vahid bir Azərbaycan məktəbləri kimi eyni şərait olsa, çox xoşbəxt olardım.

Nə deyim, ümid edək, onsuz da axırıncı ölən ümiddir...