Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 14:52:00
BMU tələbələrinə bir sıra güzəştlərin edilməsi barədə qərar qəbul olunub  

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata  görə, iclasda BMU-nun rektoru, professor Havar Məmmədov universitet kollektivini və tələbələri qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Tarixə qovuşmaqda olan 2020-ci ildə doğma Azərbaycanımızın daha da güclənməsi istiqamətində görülən mühüm hadisələrə toxunan rektor Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm tarixi qələbəsini xüsusi vurğulayıb.

 

Sonra Havar Məmmədov cari ildə təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən danışıb, mövcud pandemiya şəraitinin çətinliklərinə baxmayaraq 2020-ci ildə BMU-da gerçəkləşdirilən bir sıra mühüm yenilikləri nəzərə çatdırıb.

 

Rektor universitetdə tədrisin onlayn formada təşkil edildiyini və bunun üçün bütün texniki imkanların yaradıldığını bildirib. Konkret faktlara istinad edilərək  elektron universitet olan BMU-da dərslərin məsafədən tədrisi istiqamətində görülən işlərin lazımi  səviyyədə təşkil edildiyini vurğulanıb.

 

Daha sonra Elmi Şuranın iclasında 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının pandemiya şəraitində təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı müzakirələr aparılıb. Prorektorların, dekanların, kafedra müdirlərinin və tələbə təşkilatları rəhbərlərinin fikirləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib.

 

Müzakirələrin sonunda tələbələrə bir sıra güzəştlərin tətbiq edilməsinə qərar verilib.

 

Elmi Şurada tələbələrin öz seçimlərinə uyğun olaraq final imtahanların birindən azad edilməsi və bu fənn üzrə biliklərinin  imtahana qədərki semestrdaxili fəaliyyətdə (SDF) əldə edilən nəticələr əsasında qiymətləndirilməsi barədə qərar qəbul olunub.

 

 Edilən digər güzəştlər sırasında test suallarının sayının  40-a endirilməsi, fənnin xüsusiyyətindən asılı olaraq test imtahanlarına 60-80 dəqiqə, şifahi imtahanlarda hər tələbəyə 15 dəqiqə, bir sıra fənlər üzrə götürülən yazılı imtahanlara isə 90 dəqiqə  vaxt ayrılması müəyyənləşib. Eyni zamanda, test və yazılı imtahan sualları ilə əlaqəli mövzuların və şifahi imtahana aid sualların  əvvəlcədən tələbələrə verilməsi qərarlaşdırılıb. 

 

İclasda tələbələr  üçün nəzərdə tutulan başqa güzəştlərə də toxunulub. Bu güzəştlərə bütün tələbələrin davamiyyətinin 10 balla qiymətləndirilməsi, üç semestrdaxili fəaliyyət (SDF) qiymətləndirilməsnin birə endirilməsi və təkrar imtahanların ödənişsiz olaraq həyata keçirilməsi daxildir. Tələbələrin Sərbəst işlərinin qəbul edilmə müddəti yanvar ayının 9-na kimi uzadılıb.

 

Toplantıda 2021-ci il yanvarın 11-də başlayacaq və 4 həftə davam eədəcək payız semestri üzrə imtahan sessiyasının təşkili ilə bağlı digər məsələlər ətraflı müzakirə olunub, tələbələrin qarşılaşacağı problemlərinin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.