Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 11:07:00
Tələbə transferləri barədə bilmədiklərimiz – Ən çox yol verilən səhvlər – Ekspert tövsiyələri

“Yerdəyişmə edəcək tələbələrə dəstək olmaq məqsədi ilə Təhsil Nazirliyi elektron portalda illər ərzində ixtisaslar üzrə formalaşdırılmış ballar barədə məlumat yerləşdirməlidir. Çünki bir çox hallarda tələbələr öz ballarından yuxarı olan yerləri seçir ki, bu da onların müraciətindən birbaşa imtina ilə nəticələnir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a tələbələrin transfer.edu.az portalı vasiləsilə köçürülməsi haqda danışarkən deyib. O, öncə tələbələrin köçürülməsi prosedurunun şərtləri haqda məlumat verib:

 

“Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Hazırda qüvvədə olan mövcud qaydalara əsasən, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir.

Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və  ya ixtisasdan digərinə köçürülməsinə ancaq öz ixtisası daxilində yol verilir. Həmin səviyyədə təhsil alan tələbələr dəm də təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Köçürülmə üçün əsas meyar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir”.

O, əcnəbi ölkədə təhsil alan tələbələrin yaradılan portal vasitəsilə Azərbaycan universitetlərinə köçürülməsindən də danışıb:

“Tələbə köçürülməsi portalı ancaq Azərbaycan Respublikası vətəndaşları üçün fəaliyyət göstərir. Xarici ölkə vətəndaşları bundan istifadə etmək hüququna malik deyil. Amma nüfuzlu beynəlxalq universitetlərdə təhsil alan azərbaycanlı tələbələr də bundan istifadə edə bilərlər. Son iki il ərzində 20 nəfər azərbaycanlı tələbə  transfer imkanından istifadə edib.

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan ali təhsil müəssisələrinə köçürülmə zamanı nəzərə alınan əsas amillərdir”.

Onun sözlərinə görə portalda illər ərzində ixtisaslar üzrə formalaşdırılmış ballar barədə məlumatın yerləşdirməməsi tələbələr üçün çətinlik yaradır:

“Bu prosesdə çətinlik yaradan məsələ tələb olunan sənədlərin skan edilməsi və yerləşdirilməsi ilə bağlı olur. Bununla yanaşı, qeydiyyat formasının çətinliyi də danılmazdır. Belə ki, qeydiyyatdan keçəndən sonra istifadəçi adı və parolu sistem tərəfindən müəyyən olunduğu üçün, prosesdə iştirak edən şəxslər çətinlik çəkir. Əsasən , tələbələrin imtahan sessiyası barədə akademik transkript və universitetə tələbənin maliyyə borcu olmaması kimi sənədlər ali təhsil müəssisələri tərəfindən gec verilir.

Hesab edirəm ki, yerdəyişmə edəcək tələbələrə kömək etmək məqsədi ilə Təhsil Nazirliyi elektron portalda illər ərzində ixtisaslar üzrə formalaşdırılmış ballar barədə məlumat yerləşdirməlidir. Çünki bir çox hallarda tələbələr öz ballarından yuxarı olan yerləri seçir ki, bu da onların müraciətindən birbaşa imtina ilə nəticələnir”.

Ekspert özəl universitetdən dövlət ali təhsil müəssisəsinə transfer məsələsinə də toxunub:

“Bal uyğun gələn istənilən yerə tələbənin köçürülməsi mümkündür. Əgər ixtisas seçimi ərizəsində qorxub qeyd etmədikləri yer varsa, indi həmən yerə balları uyğundursa , rahatlıqla həmən yerə köçürülmə edə bilərlər. Amma Bakıdan regionda yerləşən universitetlərə köçürülməsi üçün heç bir məhdudiyyət yoxdur. Yəni söhbət əlbəttə ki, Naxçıvan Dövlət Universitetindəki, Hüquq ixtisasından getmir.

Bakıdakı özəl universitetdən tələbə hətta az bal toplasa belə, Gəncə, Lənkəran və digər regionlarda yerləşən dövlət universitetlərinə köçürülmə edə bilər. Əsas meyar toplanan balın həmən ixtisas üzrə minimum tələbi yerinə yetirilməsidir”.

Kamran Əsədov kəsri olan təbələrin digər ali təhsil müəssisələrinə köçürülməsiməsələsinə də aydınlıq gətirib:

“Kəsri olan tələbələr də köçürülmə də bilərlər. Hətta qiyabi formada təhsil alanlar da əgər balları uyğun gəlirsə, əyani təhsilə rahatlıqla keçid edə bilərlər. Belələri üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə, tələbə köçürüldükdə fərq imtahanlarını verməli olur. Bu, normaldır. Çünki onlar yeni ixtisasa yerləşdirilirlər . Onlar üçün yeni fənlər olduğu üçün bu çətinlik ortaya çıxır”.

Qeyd edək ki, köçürülmək istəyən tələbə bu sənədləri toplamalıdır:

- təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün)
- köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən)
- beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- təhsil haqqı borcunun olmamasına dair arayış.

Tələbə transfer olunduqdan sonra köçürülmədən imtina edə bilməz. Vətəndaşlığı olmayan şəxslərin köçürülmədə iştirak hüququ yoxdur. Tələbə bir semestr ərzində  transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.  Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları