Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 10:34:00
Məktəbli övladlarını xaricdə oxutdurmaq istəyənlər bunlara diqqət etməlidir – Hər ölkənin öz tələbi var

Xaricdə oxumaq dedikdə çoxlarının ağlına yalnız ali təhsil gəlir. Amma bəzi ailələr övladlarının orta, hətta məktəbəqədər təhsili üçün belə əcnəbi ölkələrə üz tuturlar. Mütəxəssislər son illərdə xaricdə orta təhsil almaq istəyənlərin sayının artdığını bildirirlər. Bəs, hansı ölkələrdə orta təhsil daha avantajlıdır? Bunun üçün nələr tələb olunur? 

AzEdu.az  xarici mediaya istinadən ABŞ, Kanada, İngiltərə və İsveçrədə orta təhsil almaq üçün olan imkanları təqdim edir:

İngiltərədə amerikan, ingilis və beynəlxalq təmayüllü məktəblər var. Burada günlük və yatılı təhsil almaq mümkündür.  Qız və oğlanlar üçün ayrı məktəblər də  fəaliyyət gğstərir. Buradakı liseylər adətən riyaziyyat və ingilis dili biliklərinə önəm verirlər. Şagird qəbul edərkən tətbiq etdikləri sınaq və müsahibə şərtləri dəyişə bilir. İngiltərədəki orta məktəblərin şagird qəbul edərkən önəm verdikləri xüsusiyyətlərdə fərqlər müşahidə olunur. Bəziləri idman nailiyyətlərini qabartdığı halda digər məktəblər  sənət, yaradıcılıq məsələlərinə önəm verir. Yüksək səviyyəli orta məktəblərə qəbulda güclü rəqabət müşahidə olunur. Bu səbəbdən, orta məktəblər kağız üzərindəki imtahanla kifayətlənmir, müraciət edən məktəbliləri üzbəüz və ya skaypla müsahibəyə dəvət edirlər. Özəl orta məktəblərin təhsilhaqqları 30 000 sterlinqdən başlayır.  Bu məbləğə yataqxana, qidalanma  xərcləri də daxildir. Sentyabrda başlanan təhsil üçün qeydiyyat oktyabrdan həyata keçirilir. Daha sonra müraciətlər araşdırılır. Yanvarda sınaq və müsahibə olur. Müraciətlərin nəticəsi mart ayında bəlli olur.

İsveçrədə orta məktəblər özəl və dövlət olaraq bölünür. Əcnəbi şagirdlər özəl məktəblərə üstünlük verirlər. Burada yalnız İsveçrə üzrə deyil, eyni zamanda alman, fransız, ingilis, beynəlxalq sistem üzrə də təhsil verilir. Əksər məktəblər fərqli təhsil sistemlərini birgə tətbiq edir. Müraciət ən geci ikinci sinifdəykən edilə bilər. Qəbulda son iki ilin orta qiyməti, müəllimlərdən alınan referans məktubları nəzərə alınır. Nizam-intizam üçün müəyyən cəzalar tətbiq olunur. Qiymət ortalaması, dil səviyyəsini göstərən sənədlər, sağlamlıq haqqında arayış məktəbə göndərildikdən sonra qeydiyyat haqqı ödənilir. Məktəb bu məlumatlara görə şagirdin orta təhsilə qəbul edilib-edilmədiyini bildirir. Bəzi məktəblər real və ya skayp vasitəsilə müsahibə də tələb edir. Şagirdin ölkə və ailəsindən uzaqda qalmağa hazır olub-olmadığına məktəb bu görüşlərdən sonra qərar verir.

Kanadada da məktəblər özəl və dövlət sifarişli olmaqla bölünür. Beynəlxalq şagirdlər ingiliscə və ya fransızca proqramlardan birini seçirlər. Özəl məktəblər əyalətlərdəki təhsil departamentlərinə bağlı olaraq fəaliyyət göstərirlər. Onların əyalətdəki şöbələrin təyin etdiyi  proqram və standartlara uyğun fəaliyyət göstərmələri tələb olunur. Amma bəzi təhsil qurumları öz proqramlarını tərtib edə bilirlər. Məsələn, Ontariodakı özəl məktəblər heç bir qurumun təsiri olmadan tədris aparırlar.  Bu baxımdan ailə və şagirdlərə  öncədən məktəbin tədris proqramının nə dərəcədə uyğun olmasını araşdırmaq məsləhət görülür. Kanadada orta təhsil özəl məktəblərdə 25 və 35 000 dollar arasında dəyişir. Beynəlxalq şagirdlərin dövlət məktəblərində oxumaları üçün isə 20 000 dollar ödəniş etmləri tələb olunur. Kanadada yaşı 18-dən az olan uşaqların yataqxanada qalmasına izin verilmir. Bu səbəbdən valideynlər övladlarını məktəbə yaxın ərazilərdəki evlərdə yerləşdirirlər. Məktəblər qəbul zamanı şagirdin qiymətləri və ingilis dili biliklərinə önəm verirlər. Liseylərə qəbul almaq üçün  ortalama dərs balının minimum 65 olması şərtdir. Avqustun sonunda başlanan təhsil üçün qeydiyyat ən geci fevral və mart aylarında tamamlanmalıdır.  

Amerikada da özəl və dövlət sifarişli məktəblər var. Tədris sentyabrda başlasa da, ən azı 6 ay öncədən qeydiyyat işlərinin tamamlanması vacibdir. Əcnəbi şagirdlərin qəbulunda  qiymət ortalaması, ingiliscə dil biliyi və sosial fəaliyyəti əsas götürülür. Bir çox təhsil qurumları ingilis dili səviyyəsininn təsdiqi üçün TOEFL və İELTS istəyir. 100 ballıq orta qiymətdən 60-nı  toplayanların qəbul olma şansı da azdır. idman və mədəniyyət sahəsindəki nailiyyətlər də qəbulda nəzərə alınır. Məktəblər idmana yönəlik və akademik təqaüdlər də verir. Təhsilə başladıqdan sonra şagirdin  paralel olaraq ingilis dili dərsləri alması mümkündür. Amerikada orta təhsilin ən sərfəli yolu dövlət məktəblərində oxumaqdır. Bunun üçün 20-25 min dollar ödəməyi gözə almaq lazımdır. Özəl məktəblərdə isə təhsilhaqqı  30 000 dollardan başlayır. Hətta bəziləri 50 000 dollardan çox xərc tələb edir. Qiymətlər əyalətlərə görə dəyişir. Elə buna görə də övladını Amerika orta məktəblərində oxudacaq valideynlərə öncə məktəbləri araşdırmaları məsləhət görülür.  Tədris proqramları da əyalətlərə görə fərqlənir. Şagirdlərə uyğun qiymətlə, güvənli ailələrin yanında qalma imkanı yaradılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları