Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-23 16:45:00
Çinin Anhui Universiteti və BDU-nun  birgə təşkilatçılığı ilə çinli tələbələr üçün onlayn mühazirə keçirilib - FOTO

“Zoom” proqramı vasitəsilə baş tutan mühazirənin məqsədi hər iki universitet tələbələri arasında qarşılıqlı anlaşma yaratmaq və Azərbaycanı çinli tələbələrə tanıtmaq olub.


AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Rauf Həsənov Anhui Universitet tələbələrinə Çin-Azərbaycan əlaqələrinin yaradılmasından və hərtərəfli inkişafından bəhs edib. O qeyd edib ki, hər iki ölkə arasında mövcud əlaqələr iqtisadi, siyasi, mədəni sahə ilə yanaşı, təhsil sahəsində də uğurla irəliləyir. Bu istiqamətdə BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rolunu yüksək qiymətləndirən R.Həsənov bildirib ki, institutda azərbaycanlı tələbələr Çin dili ilə yanaşı, həm də Çin mədəniyyətini, iqtisadiyyatını və digər sahələr üzrə məlumatlar öyrənə bilirlər. Nəticədə bu gün yüzlərlə azərbaycanlı tələbə Çində təhsil alır.


Çoxsaylı çinli tələbələrin də Azərbaycanda, xüsusən, BDU-da təhsil almasını qeyd edən R.Həsənov tələbələrə Azərbaycan təhsil sistemi haqda da geniş məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.


Onlayn mühazirədə Anhui Universitetinin Xarici Araşdırmalar fakültəsinin dekanı və Azərbaycan Tədqiqat Mərkəzinin direktoru Zhan Çuanvang və Anhui Universitetinin Beynəlxalq Ofisinin direktoru Hu Sueven qonaq qismində iştirak ediblər.


Mühazirənin aparıcısı və Konfutsi İnstitutunun direktoru Vang Hao Çianq öz növbəsində gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.


Qeyd edək ki, mühazirə Çinin Anhui Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Mərkəzinin fəaliyyətlərindən biridir. Gələcəkdə Çinin də azərbaycanlı tələbələrə tanıdılması məqsədilə mühazirələrin təşkil olunması planlaşdırılır.


Qeyd edək ki, Azərbaycan Tədqiqat Mərkəzi BDU və Anhui Universitetinin birgə əməkdaşlığı əsasında yaradılıb.

 

Sevda Ulutau